AZ

XIII Bakı Qlobal Forumu çərçivəsində növbəti panel müzakirə keçirilib

XIII Bakı Qlobal Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı növbəti panel müzakirəsi keçirilib.

APA xəbər verir ki, müzakirədə panel iştirakçıları sözügedən mövzu ilə bağlı fikir və mövqelərini, təkliflərini irəli sürüb.

İtaliyanın sabiq Baş naziri, Avropa Komissiyasının keçmiş prezidenti Romano Prodi İkinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq nizam, bu nizamda sürətlə gedən dəyişikliklər, bu dəyişikliklərin müsbət məcrada irəliləməsi istiqamətində görülə biləcək işlər barədə fikirlərini bildirib.

Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa çoxtərəflilik, çoxtərəflilikdə mövcud olan çağırışlar barədə danışıb və qeyd edib ki, Azərbaycan və Ermənistan 30 ildən bəri vasitəçilərin səylərinin uğursuzluğunu nəzərə alaraq sülhə doğru addım atıblar.

Slovakiya prezidentinin xarici siyasət və Beynəlxalq Əlaqələr üzrə müşaviri Jan Kubis Beynəlxalq hüquqa əsaslanan nizamın sonunun çatdığı fikri ilə razılaşmadığını, beynəlxalq ictimaiyyətin əksəriyyətinin bu nizama sadiq olduğunu, sadəcə bir neçə ölkənin bu nizama zidd hərəkət etdiyini bildirib.
Jan Kubis radikal millətçiliyin qlobal nizamın pozulmasında böyük rol oynadığını deyib.

Xorvatiyanın sabiq prezidenti Kolinda Grabar Kitaroviç BMT-nin qlobal münaqişələrə yanaşması, yol verdiyi səhvlər və uğurlu addımları barəsində fikirlərini bölüşüb.

Ekvadorun sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinosa hazırkı dövrdə, ölkələrin iqtisadi, təhlükəsizlik, enerji və digər sahələrdə qarşılıqlı asılılıq zamanında görülməli olan işlərdən söz açıb, faydalı münasibətlərin qorunub saxlanılması üçün təkliflərlə çıxış edib.

“BMT bu gün heç olmadığı qədər zəruridir. Çünki o, yeganə qlobal dövlətdir”, - Espinosa bildirib.

Ardınca Seneqalın sabiq prezidenti və Baş naziri Meki Seyl və Avstriyanın sabiq xarici işlər naziri Benita Ferrero Valdner çıxış edib.

Onlar BMT-də aparılmalı islahatlar haqqında fikirlərini ifadə ediblər və çoxtərəflilik, beynəlxalq əməkdaşlıq inkluzivliklə bağlı danışıblar.

Valdner az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr və inkişaf etmiş ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinə çağırıb.

Seçilən
69
1
apa.az

2Mənbələr