AZ

Qlobal enerji bazarında qiymət artımı Azərbaycan iqtisadiyyatına əlavə imkanlar yaradır - ŞƏRH

Bakı, 12 mart, AZƏRTAC

Dünya enerji bazarlarında müşahidə olunan qiymət dəyişiklikləri enerji resursları ixrac edən ölkələrin iqtisadi inkişafına birbaşa təsir göstərən əsas amillərdən biridir. Son dövrlərdə qlobal bazarda neftin qiymətində müşahidə olunan artım enerji ixrac edən dövlətlər üçün yeni iqtisadi imkanlar formalaşdırır. Enerji resursları ilə zəngin ölkələrdən biri olan Azərbaycan üçün də bu proses mühüm əhəmiyyət daşıyır.

Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, dünya bazarında neftin bahalaşması ilk növbədə Azərbaycanın ixrac gəlirlərinin artmasına səbəb olur.

“Azərbaycanın iqtisadi strukturunda enerji sektorunun mühüm paya malik olduğunu nəzərə alsaq, neft qiymətlərində artım ölkəyə daxil olan valyuta axınının çoxalmasına, dövlət büdcəsinin gəlir hissəsinin möhkəmlənməsinə və makroiqtisadi sabitliyin güclənməsinə müsbət təsir göstərir. Bu isə dövlətin iqtisadi və sosial proqramlarının daha geniş miqyasda həyata keçirilməsi üçün əlavə maliyyə imkanları yaradır. Enerji qiymətlərinin artması Azərbaycanın beynəlxalq enerji layihələrində iştirakının iqtisadi səmərəliliyini də artırır. Xüsusilə region və Avropa üçün strateji əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın qlobal enerji bazarında mövqeyini daha da gücləndirir. Bu layihə vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması ölkəmizin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi rolunu möhkəmləndirir”, - deyə Aydın Hüseynov vurğulayıb.

Deputat qeyd edib ki, neft qiymətlərinin artması yalnız enerji sektorunun gəlirlərinin artması ilə məhdudlaşmır. Bu amil bütövlükdə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına da müsbət təsir göstərir. Artan büdcə gəlirləri hesabına iri infrastruktur layihələrinin həyata keçirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafı və sosial proqramların maliyyələşdirilməsi üçün daha geniş imkanlar yaranır.

A.Hüseynov qeyd edib ki, neft gəlirlərinin artması dövlətin investisiya imkanlarını genişləndirir. Bu isə qeyri-neft sektorunun inkişafına daha çox vəsait yönəldilməsinə şərait yaradır. Son illərdə sənaye parklarının yaradılması, kənd təsərrüfatının modernləşdirilməsi, logistika və nəqliyyat infrastrukturlarının inkişafı, turizm sektorunun genişləndirilməsi kimi addımlar məhz iqtisadiyyatın şaxələndirilməsi strategiyasının tərkib hissəsidir.

Deputatın sözlərinə görə, qeyri-neft sektorunun inkişafı Azərbaycanın iqtisadi dayanıqlığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Enerji bazarlarında qiymət dəyişiklikləri zaman-zaman qlobal iqtisadiyyatda qeyri-sabitlik yarada bilər. Buna görə də Azərbaycanın əsas hədəfi neft gəlirlərindən əldə olunan vəsaitləri səmərəli şəkildə yönəldərək daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi model formalaşdırmaqdır. Hazırda dünyada enerji təhlükəsizliyi məsələsi qlobal gündəmin əsas mövzularından biridir. Bir sıra regionlarda baş verən geosiyasi gərginliklər enerji bazarlarında qeyri-müəyyənliyi artırır. Belə şəraitdə Azərbaycanın həyata keçirdiyi balanslı enerji siyasəti ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir”.

Seçilən
78
2
azertag.az

3Mənbələr