Bakı, 12 mart, AZƏRTAC
Bizim üçün enerji təhlükəsizliyi çoxtərəfli diplomatiyanın və çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinin aydın göstəricisidir. Xəzərdən Avropaya uzanan marşrut boyunca eyni baxışları paylaşan ölkələr bir araya gələrək hər kəs üçün uğurlu və qarşılıqlı fayda yaradan layihə həyata keçirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzulu paneldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Mərkəzi Asiya–Azərbaycan əməkdaşlığına diqqət çəkən Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü qəbul edilib. Bu da göstərir ki, biz ortaq baxışlara malik ölkələrik və “orta güc” konsepsiyasına inanırıq.
“Təəssüf ki, bəzən “orta güc” haqqında danışarkən ilk növbədə ölkənin hərbi imkanları və ya ərazi ölçüsü xatırlanır. Biz özümüzü “orta güc” kimi qiymətləndirsək də, bunu hərbi güc baxımından rəqabət kimi görmürük. Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir. Bu, həm də öz regionuna və qlobal gündəliyə töhfə vermək iradəsi, müsbət gündəliyi irəli aparmaq və inkişaf etdirmək istəyidir”.