AZ

Timor-Lestenin prezidentindən Bakıda xəbərdarlıq

Jose Ramos-Horta: “Hazırda dünyada yeni gərginlik ocaqları da yaranır və bu, qlobal sabitliyi daha da təhlükə altına qoyur”

Timor-Leste Demokratik Respublikasının prezidenti Jose Ramos-Horta XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzulu paneldə çıxış edib.
Musavat.com bildirir ki, prezident çıxışında liderliyin cəmiyyətlərin taleyində həlledici rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, əsl liderlik insanları təhlükəsizliyə, sülhə, barışa və inkişafa yönəltməlidir və bu, tarixin verdiyi mühüm dərslərdən biridir. Jose Ramos-Horta qeyd edib ki, bu dərs bütün ölkələr, o cümlədən Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.
Prezident çıxışında tarixdən nümunə gətirərək bildirib ki, 1998–1999-cu illərdə keçirilmiş referendumun nəticələrinə hörmət göstərərək cəmiyyəti barış və inkişaf yoluna çıxarmağa nail olub. Onun sözlərinə görə, həmin dövrdə liderlik, dövlətçilik ənənələri və dialoq mədəniyyəti bu prosesin əsas amilləri olub.
post-img

İndoneziya bu gün siyasi zorakılığın, etnik və dini əsaslı qruplaşmaların olmadığı, iqtisadiyyatı inkişaf edən və xarici investisiyaları cəlb edən bir ölkəyə çevrilib. Bu isə göstərir ki, düzgün liderlik və dialoq cəmiyyətləri münaqişədən sabitliyə aparan əsas yoldur”, – deyə o vurğulayıb.
Jose Ramos-Horta bildirib ki, sülh və sabitliyin təmin olunması üçün dialoq və əməkdaşlıq hər zaman prioritet olmalıdır. Onun sözlərinə görə, hazırda dünyada müşahidə olunan vəziyyət isə olduqca narahatedicidir və bir çox hallarda fəlakəti xatırladır.
Prezident qeyd edib ki, bu gün dünyada milyonlarla insan müharibələr, münaqişələr və sosial böhranlar səbəbindən öz doğma yurdlarını tərk etməyə məcbur qalır. Bununla yanaşı, uşaqlar arasında ölüm hallarının artması, onların qeyri-qanuni əməyə cəlb edilməsi kimi problemlər də getdikcə daha ciddi xarakter alır. Ramos-Horta vurğulayıb ki, dünya iqtisadiyyatı hələ də pandemiyadan əvvəlki səviyyəyə tam qayıda bilməyib və xüsusilə kiçik inkişaf etməkdə olan ada dövlətləri böyük borc yükü ilə üz-üzə qalıb.
O, çıxışında qlobal böhranların gündəlik həyatdakı təsirinə də diqqət çəkib. Jose Ramos-Horta bildirib ki, kimi hadisələr dünya iqtisadiyyatına ciddi təsir göstərib. Onun sözlərinə görə, bu münaqişə Timor-Leste kimi uzaq ölkələrdə belə ərzaq qiymətlərinin sürətlə artmasına səbəb olub. “Biz həmin ölkədən xeyli uzaqda yerləşirik. Amma bir gecənin içində bunun təsirini hiss etdik. Mən o vaxt prezident idim və bölgələrə səfər edirdim. Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl 25 kiloqram düyü təxminən 10 dollar idi. Bir gecənin içində qiymət 11 dollara qalxdı. Bu gün isə artıq 17–18 dollara çatıb. Qiymət artımı digər ərzaq məhsullarında da müşahidə olunur”, – deyə Ramos-Horta bildirib.
Timor-Leste lideri əlavə edib ki, hazırda dünyada yeni gərginlik ocaqları da yaranır və bu, qlobal sabitliyi daha da təhlükə altına qoyur. O, beynəlxalq ictimaiyyəti dialoqu gücləndirməyə, münaqişələrin qarşısını almağa və beynəlxalq hüquqa hörmət prinsiplərinə daha ciddi əməl etməyə çağırıb.

Xalidə Gəray
Musavat.com

 

Seçilən
21
1
musavat.com

2Mənbələr