AZ

Bəhruz Quliyev: “Azərbaycan qlobal güc mərkəzləri arasında etibarlı körpüdür” – ÖZƏL

"Düşünürəm ki, müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Geosiyasi qarşıdurmaların artdığı, qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşdiyi və beynəlxalq hüququn selektiv şəkildə tətbiq edildiyi bir dövrdə dialoq platformalarının əhəmiyyəti daha da artır. Məhz belə bir şəraitdə Bakıda keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyət üçün mühüm siyasi və intellektual müzakirə məkanı kimi çıxış edir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunan forum faktiki olaraq hazırkı qlobal siyasi reallıqların mahiyyətini əks etdirir. Dünya nizamının yenidən formalaşdığı, regional münaqişələrin və təhlükəsizlik risklərinin artdığı bir mərhələdə dövlətlər və beynəlxalq təşkilatlar arasında etimadın gücləndirilməsi, qarşılıqlı anlaşmanın formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bakı Forumu isə məhz bu məqsədə xidmət edən mühüm dialoq platformasıdır. Forumun beynəlxalq münasibətlər baxımından əsas əhəmiyyəti ondan ibarətdir ki, burada müxtəlif qitələri təmsil edən siyasətçilər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və alimlər qlobal gündəliyin ən aktual məsələlərini müzakirə etmək imkanı əldə edirlər. Bu isə yalnız fikir mübadiləsi üçün deyil, həm də yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından əhəmiyyətli bir mühit yaradır.

"Digər tərəfdən, XIII Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun və diplomatik təşəbbüskarlığının bariz göstəricisidir. Azərbaycan uzun illərdir ki, müxtəlif sivilizasiyalar və siyasi bloklar arasında dialoqu təşviq edən etibarlı platforma kimi çıxış edir. Bakı artıq qlobal miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi nüfuzlu mərkəzlərdən biri kimi tanınır.
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət kursu ölkəyə müxtəlif qlobal güc mərkəzləri ilə konstruktiv münasibətlər qurmağa imkan verib. Bu isə Bakının beynəlxalq səviyyədə etibarlı tərəfdaş və dialoq məkanı kimi qəbul edilməsini şərtləndirir. XIII Qlobal Bakı Forumu da məhz bu siyasətin uğurlu nəticələrindən biridir", - deyə ekspert əlavə edib.

B. Quliyev qeyd edib ki, forum Azərbaycanın yalnız regional məsələlərdə deyil, qlobal problemlərin müzakirəsində də fəal iştirak etdiyini nümayiş etdirir. Enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, beynəlxalq təhlükəsizlik, geosiyasi qarşıdurmalar və qlobal idarəetmə kimi mövzuların Bakıda müzakirə olunması ölkəmizin qlobal siyasi gündəlikdə rolunun getdikcə artdığını göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, XIII Qlobal Bakı Forumu təkcə beynəlxalq dialoq üçün mühüm platforma deyil, həm də Azərbaycanın artan beynəlxalq nüfuzunun və diplomatik təşəbbüskarlığının parlaq təzahürüdür. Bakı bu gün qlobal fikir mübadiləsinin və siyasi dialoqun mühüm mərkəzlərindən biri kimi çıxış edərək beynəlxalq əməkdaşlığın inkişafına real töhfə verir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr