AZ

Əliyev Bakıdan mesaj, Paşinyan isə söz verdi: sülh müqaviləsi yaxındır

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, Ermənistanla sülh yalnız kağız üzərində deyil.

“Mövcud Birgə Bəyannamə bir neçə ay əvvəl imzalanıb paraflansa da, biz artıq ərazidə sülh hiss edirik. Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”, - deyə, prezident qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə öz növbəsində Azərbaycanla sülh sazişinin mütləq imzalanacağına əminliyini ifadə edib.

“Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir, çünki bu, münaqişəyə səbəb olardı. Biz münaqişə məntiqinə əməl edib eyni zamanda müstəqil dövlət qura bilmərik. Nə demək istədiyimi ətraflı izah etməyəcəyəm. Müstəqillik Gününə həsr olunmuş əvvəlki mesajlarımda mövqeyimi ətraflı şəkildə bildirmişdim”, - deyə Paşinyan açıqlama verib.

Xatırladaq ki, daha öncə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiyanın ilkin mətninin mart ayında dərc olunacağını bildirib. Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a şərhində bildirib ki, sülh artıq real münasibətlərdə də özünü göstərir:

“Prezident İlham Əliyevin çıxışında qeyd edib ki, Ermənistan heç zaman tranzit ölkə olmayıb. Hazırda kommunikasiyaların qismən aradan qaldırılması ilə Ermənistanla ticarət əlaqələri qurulub, yükdaşımalar təmin edilib, bu isə gələcəkdə Ermənistanın tranzit ölkəyə çevrilmə imkanlarını yaradıb. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dediyi kimi, Avropa ilə Asiya arasında Azərbaycanın yaratdığı körpüdən gələcəkdə Ermənistan da istifadə edə bilər. Bu o deməkdir ki, sülh artıq real münasibətlərdə də özünü göstərir. Şübhəsiz ki, sülhün imzalanması Ermənistan Konstitusiyasında dəyişiklik edilməsindən asılıdır. Ermənistan Konstitusiyasının mətni sonuncu dəfə Vətəndaş Müqaviləsi Partiyasının toplantısında müzakirə edildi və artıq ictimaiyyətə təqdim olunmağa hazırdır. Ümid edirəm ki, yeni Konstitusiyanın mətni ictimaiyyətə təqdim olunanda biz Preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasını əks etdirən cümlələr görməyəcəyik. Beləliklə, sülhün imzalanması üçün real şərtlər formalaşacaq. Əks halda, əlbəttə, sülh müqaviləsinin imzalanması prosesi yenidən uzana və çətin görünə bilər”.

Nigar Həsənli,
Musavat.com

Seçilən
69
1
musavat.com

2Mənbələr