Tbilisidə müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyevanın adını daşıyan küçənin lövhələrindəki səhv aradan qaldırılacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Şurasının Ad və Simvollar Komissiyası qəbul edib.
Qərara əsasən, Pərixan Sofiyeva küçəsi Pərixanım Sofiyeva küçəsi adlandırılacaq.
Qeyd edək ki, küçə Tbilisinin Krtsanisi rayonunda, Poniçala ərazisində yerləşir. Pərixanım Sofiyevanın adı küçəyə 2023-cü ildə verilib. Ünvan lövhələrində soydaşımızın adı gürcü və ingilis dillərində səhvən “Pərixan” kimi göstərilib.
Xatırladaq ki, Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndindən olan Pərixanım Sofiyeva (1884-1951) 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf millət vəkili seçilib. O, tarixə müsəlman dünyasının demokratik yolla seçilən ilk qadın millət vəkili kimi düşüb.