AZ

Aİ Şurası Prezidentinin səfəri Azərbaycanın artan nüfuzunun göstəricisidir – Tənzilə Rüstəmxanlı yazır

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri gündəmin əsas mövzularından biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu səfər tərəfdaşlığımızın göstəricisi olmaqla bərabər, Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir ki, bu da ölkəmizin hədəflərinə tam uyğundur.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Aİ-nin ölkəmizə verdiyi önəmin ifadəsidir. Nəzərə alaq ki, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir.

Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.

Hazırda dünyada siyasi risk və gərginliklərin artdığı vaxtda, Azərbaycan və Ermənistan siyasi iradə və sülhə sadiqliyini nümayiş etdirməklə, dövlətlərin və xalqların həyatında barışığının nə dərəcədə vacib olduğunu anlatmağa çalışır.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, sülhdən yaxşı heç nə ola bilməz: “İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir”.

Avropa İttifaqı inkişaf edən Cənubi Qafqazın lideri olan Azərbaycanın Ermənistana humanitar qapı açmasını, regional layihələrə qoşmasını alqışlayır, münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndirir.

Aİ Şurasının Prezidenti iki ölkənin dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini tam dəstəklədiyini bir daha təsdiqləyib. Bu mənada Antonio Koştanın Azərbaycana səfəri təsadüfi xarakter daşımır.

Dünyada və Yaxın Şərqdə geosiyasi təlatümlər fonunda Azərbaycanın seçilməsi, bu regiona gəlməsi göstərir ki, Avropa İttifaqının Azərbaycana ehtiyacı var. Azərbaycanın apardığı siyasət Brüssel üçün həm cəlbedici, həm də strateji baxımdan önəmlidir.

Bu səfər Azərbaycanın geosiyasi rolunun daha da gücləndiyini bir daha nümayiş etdirir. Azərbaycanın dəyərini anlayan və əməkdaşlığı dərinləşdirmək istəyən qrupların rolu daha da artacaq. Azərbaycan həm ənənəvi, həm də alternativ enerji mənbəyi kimi Avropa üçün strateji əhəmiyyətini artırır.

Yaxın Şərqdə, məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Dubay və Abu-Dabi kimi bölgələrdə təhlükəsizlik risklərinin artması fonunda Azərbaycan sabit və təhlükəsiz ölkə kimi ön plana çıxır. Post-münaqişə dövründə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması və sülh şəraitinin gücləndirilməsi də Avropa İttifaqının diqqət mərkəzindədir.

Brüssel regionda siyasi rol sahibi olmaq və Cənubi Qafqazda əməkdaşlıq platformasının inkişafını təmin etmək istəyir.
Aİ Şurasının Prezidenti A.Koşta da Azərbaycanı Avropa İttifaqının əsas tərəfdaşı adlandıraraq deyib: “Ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq.

Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir. Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir”.

A.Koştanın Prezident İlham Əliyevə xitabən “Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür” fikri isə dövlətimizin başçısının dünya miqyasında nə qədər güclü lider olduğunu təsdiqləyir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevlə A.Koşta Cənubi Qafqazda vəziyyət və sülh prosesi barədə də fikirlərini ifadə ediblər. A.Koştanın “Azərbaycanın regional rolu heç vaxt görünmədiyi qədər önəmlidir” sözləri qalib dövlətimizin dünyada artan gücünün və qüdrətinin ifadəsidir.

Seçilən
20
1
interpress.az

2Mənbələr