AZ

Balakəndə məktəblilər arasında velosiped yarışı keçirilib - FOTO

Balakən rayonunda Azərbaycan Velosiped İdmanı Federasiyası, Balakən rayon İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında velosiped yarışı təşkil olunub.

İdman.Biz xəbər verir ki, yarışda Balakən, Zaqatala və Qax rayonlarından 150-yə yaxın məktəbli üç müxtəlif yaş qrupunda mübarizə aparıb.

Reqlamentə əsasən, iştirakçılar yarışa öz velosipedləri ilə qatılıblar və əvvəlcə yarımfinal mərhələsində güclərini sınayıblar.

Yarışın marşrutu Balakən şəhərinin mərkəzi küçələrini əhatə edib. 3,5 kilometrlik dövrə üzrə hərəkət edən iştirakçılar sürət və texniki bacarıqlarını ortaya qoyublar. Gərgin və maraqlı keçən mübarizənin sonunda isə hər yaş qrupu üzrə ən sürətli və dözümlü velosipedçilər müəyyənləşdirilərək final mərhələsinə yüksəliblər.

Final mərhələsinin yekununa əsasən, 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında Balakən məktəbliləri ilk üç pilləyə yüksəliblər - Famil Həsənov birinci, İrakli Rəhimov ikinci, Rəsul Əlisoltanov isə üçüncü olub.

Qızlar arasında mübarizə Zaqatala rayonu məktəblilərinin üstünlüyü ilə yekunlaşıb - Fatma Mehdiyeva bütün rəqiblərini qabaqlamaqla birinci nəticə göstərib. Həbsət Buğliyeva ikinci, Hürü Məmmədova isə üçüncü yeri tutub.

2011-2014-cü il təvəllüdlü oğlanlar arasında da Balakən məktəbliləri fərqləniblər – Qurban Mollaçıyev final yürüşündə hamıdan güclü olub. Cahid Ramazanlı finişi 2-ci, İbrahim Hacıyev isə 3-cü keçib.

Fərqlənən idmançılar təşkilatçılar tərəfindən medal diplom və hədiyyələrlə təltif ediliblər. Bundan başqa, 1-ci yeri tutan məktəblilərə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlər hədiyyə edilib.

İdman.Biz
Seçilən
22
4
idman.biz

5Mənbələr