BAKI, 12 mart. TELEQRAF
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonu qəbul edib.
Bu barədə Teleqraf-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Moldova arasında sıx dostluq münasibətlərinin mövcud olması məmnunluqla qeyd edilib.
Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. Beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirən Səbinə Əliyeva iki ölkənin Ombudsman təsisatları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüşdən sonra Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenko Ombudsman Aparatında təşkil edilmiş və ermənilər tərəfindən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” sərgisi ilə tanış olub, sərginin xatirə dəftərinə ürək sözlərini yazıb.