AZ

Müharibə başa çatır? Pezeşkian şərtini açıqladı ABŞ və İsrailin cavabı isə...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian müharibəyə son qoyulması üçün şərtini açıqlayıb. O bildirib ki, bunun yeganə yolu İranın qanuni hüquqlarının qəbul edilməsi, təzminatın ödənilməsi və onların yenidən hücum etməməsi üçün qəti beynəlxalq öhdəliyin qoyulmasıdır.

ABŞ və İsrailin buna reaksiyası necə olacaq? Bu şərt qəbul edilə bilərmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, ABŞ və İsrailin Pezeşkianın irəli sürdüyü şərtləri qəbul etməsi real görünmür:

“Çünki İranın tələbləri bu ölkələrin mövqeyi ilə ziddiyyət təşkil edir və böyük ehtimalla rədd ediləcək. İran məsələni üç əsas istiqamət üzrə təqdim edir. Birincisi, ölkənin qanuni hüquqlarının tanınmasıdır. Bu, xüsusilə İranın nüvə proqramı və regiondakı siyasətinin legitim qəbul edilməsi deməkdir. İkincisi, təzminat məsələsidir. Tehran hesab edir ki, müharibəyə səbəb olan tərəflər ABŞ ilə İsraildir və buna görə də maliyyə kompensasiyası ödəməlidirlər. Üçüncü tələb isə beynəlxalq zəmanətdir ki, gələcəkdə İrana qarşı hərbi hücumlar təkrarlanmasın. Lakin ABŞ və İsrailin məsələyə mövqeyi fərqlidir.

Belə ki, Vaşinqton İranın nüvə proqramının legitimliyinin tanınmasını öz təhlükəsizlik siyasətinə zidd hesab edir və bunu potensial təhdid kimi qiymətləndirir. Təzminat ödənilməsi də real görünmür, çünki bu, müharibəyə görə məsuliyyətin etirafı anlamına gələrdi. İsrail isə İranı region üçün əsas təhlükə kimi görür və onun legitimliyini öz milli təhlükəsizlik doktrinasına zidd hesab edir. Bu səbəbdən sözügedən şərtlərin qəbul edilməsi ehtimalı çox aşağıdır”.

Ekspert bildirib ki, alternativ ssenari kimi ABŞ və İsrailin İranla dolayı danışıqlara gedərək gərginliyi azaltmağa çalışması və əsasən siyasi xarakter daşıyan minimal güzəştlərlə kifayətlənməsi mümkündür:

“Ümumilikdə, Pezeşkianın irəli sürdüyü şərtlər daha çox siyasi mesaj xarakteri daşıyır. Onların rədd edilməsi isə İranın perspektivdə Rusiya, Pakistan və Çin kimi ölkələrlə əməkdaşlığı genişləndirərək yeni iqtisadi və siyasi tərəfdaşlar axtarmasına gətirib çıxara bilər”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr