Stereotiplərlə mübarizə Gülnar artıq üç ildir sükan arxasındadır. Bu müddət ərzində o, müxtəlif reaksiyalarla qarşılaşıb. İlk avtomobili çəhrayı rəngdə idi və bəzi kişi sərnişinlər üçün bu, təəccüb doğururdu. Zamanla daha böyük və komfortlu avtomobilə keçib. “Əvvəllər ‘qadın işi deyil’ kimi fikirlər eşidirdim. Hətta bir sərnişin mənə ‘evdə otur, bozbaşını bişir’ dedi. Amma mən inanıram ki, qadın həm evini idarə edə, həm də sükan arxasında ola bilər.” Onun sözlərinə görə, son illərdə münasibət dəyişməyə başlayıb. Qadın sürücülər artıq daha çox qəbul olunur və xüsusilə qadın sərnişinlər tərəfindən dəstək hiss olunur. Atasının arzusu və sükan arxasına gedən yol Gülnarın avtomobillərə sevgisi uşaqlıqdan başlayıb. O, görmə məhdudiyyətli atasına daim dəstək olub və onunla çox vaxt keçirib. 11 yaşında olarkən atası ilə Goyçayda gəzərkən ilk dəfə sükan arxasında qadın sürücü görməsi onun üçün dönüş nöqtəsi olub. Həmin an qadının inamla avtomobil idarə etməsi Gülnara böyük təsir göstərib. Elə həmin günlərdə atası ona demişdi: “Bir gün sən də maşın sürəcəksən və mən səninlə fəxr edəcəyəm”. Atası Gülnar 14 yaşında olarkən vəfat edib. Lakin bu sözlər onun həyat devizinə çevrilib. 2023-cü ilin iyulun 25-də – atasının doğum günündə – o, ilk avtomobilini alıb və ilk səfərini atasının məzarına edib. “Bir dəfə sərnişinim görmə məhdudiyyətli idi. Həmin gün sükan arxasında göz yaşlarımı saxlaya bilmədim. Həyat mənə başqa bir insana dəstək olmaq imkanı verdi”. Bu təcrübə onun gələcək layihələrində əlillər üçün də xüsusi dəstək mexanizmləri yaratmaq qərarına təsir edib.
Müstəqillik, mübarizə və güc Gülnar üçün sürücülük həm də iqtisadi müstəqillik deməkdir. Sərbəst qrafik və gəlirini özü idarə etmək imkanı ona güc verir. “Bu iş mənə öz ayaqlarım üstündə dayanmaq imkanı verir. Bəli, qiymət dəyişiklikləri və tıxac gəlirə təsir edir, amma bu, sevdiyim işdir”. O hesab edir ki, şəhərdə tıxacın azaldılması üçün şəxsi avtomobillərdən daha çox paylaşılmış və ictimai nəqliyyata üstünlük verilməlidir. Onun fikrincə, hər ailənin ayrıca avtomobilə sahib olması sıxlığı artırır, parklanma problemini dərinləşdirir və əlavə yanacaq sərfiyyatı ilə həm iqtisadi, həm də ekoloji yük yaradır. “Şəhərdə minlərlə avtomobil hərəkətdədir, amma çoxunda cəmi bir nəfər olur. Paylaşılan nəqliyyat daha rasional həll yoludur,” – deyə o bildirir. Gülnarın hekayəsini daha da güclü edən məqam isə onun şəxsi mübarizə yoludur. O, anadangəlmə sağlamlıq məhdudiyyəti ilə dünyaya gəlib və uzun illər çətin əməliyyatlar keçirib. Bir çoxları onun avtomobil idarə edə biləcəyinə inanmırdı. Lakin o, bu vəziyyəti zəiflik kimi deyil, güc mənbəyi kimi qəbul edib. “Mənim üçün məsələ qadın və ya kişi olmaq deyil. Sağlam və ya məhdudiyyətli olmaq da deyil. Əsas məsələ güclü olmaq və bacaracağına inanmaqdır”.
Reklam hüququnda