ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
İraq hakimiyyəti regionda enerji obyektlərinə edilən hücumlar səbəbindən ölkənin bütün neft terminallarının fəaliyyətini müvəqqəti dayandırıb.
“AzPolitika” bildirir ki, bu barədə “The Guardian” qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, cümə axşamı səhər Bəsrə Limanına edilən hücum nəticəsində azı bir nəfər həlak olub. Yerli hakimiyyət orqanları bildiriblər ki, hücumun hədəfi neftin daşınması ilə məşğul olan tanker gəmiləri olub. Nəticədə hər iki gəmidə yanğın baş verib. İlkin məlumata əsasən, tankerlərə partlayıcı maddələrlə yüklənmiş katerlər vasitəsilə hücum edilib.

Bildirilir ki, son iki gün ərzində Fars körfəzində artıq altı gəmi hücuma məruz qalıb.
Bununla yanaşı, Bəhreyn hakimiyyəti çərşənbə günü İranın yanacaq rezervuarlarına hücumundan sonra Mühərrəq vilayətinin sakinlərini evdə qalmağa çağırıb.
Regionda gərginliyin artması dünya enerji bazarına da təsir göstərib. Cümə axşamı səhər dünya bazarında “Brent” neftinin qiyməti yenidən bir barel üçün 100 dollar həddini keçib. Bunun əsas səbəblərindən biri də Hörmüz boğazının faktiki olaraq bağlanmasıdır. Dünya üzrə neft tədarükünün təxminən beşdə biri məhz bu boğazdan keçir. Nəticədə Fars körfəzi ölkələrində neft hasilatının azalması və enerji daşıyıcılarının qiymətinin artması müşahidə olunur.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi ABŞ-yə müraciətində bildirib ki, regionda təhlükəsizliyin pozulmasının nəticəsi olaraq neftin qiyməti 200 dollara qədər yüksələ bilər.
Bu arada, Donald Tramp Kentuki ştatının Hebron şəhərində keçirilən mitinqdə çıxış edərək ABŞ-nin müharibədə artıq qələbə qazandığını iddia edib. Bununla belə, o, Vaşinqtonun “hər iki ildən bir bu müharibəyə qayıtmaq istəmədiyini” bildirib və əməliyyatların tam başa çatdırılmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, çərşənbə günü Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr Yaxın Şərqdəki gərginlik fonunda bazardakı qiymət təzyiqini azaltmaq üçün strateji ehtiyatlardan dünya bazarına 400 milyon barel neft buraxılması barədə razılığa gəliblər.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.