Dünyaşöhrətli müğənni Britni Spirs sərxoş halda avtomobil idarə etdiyi üçün Kaliforniyada həbs edilib. Hadisə martın 4-də axşam saatlarında baş verib. Yerli vaxtla saat 21:30-da pop ulduzun avtomobili Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsi Ventura Dairəsinin Şerif Departamenti tərəfindən araşdırılıb və səhər saat 6:00-da Spirs sərbəst buraxılıb.
Həftənin QALİBİ

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə keçirilən U-23 Avropa çempionatı zamanı Azərbaycan təmsilçisi Musa Ağayev (65 kq) erməni rəqibi Arman Musikyanı məğlub edib. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, o, 6:4 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
Həftənin VARLISI

Rusiyalı milyarderlər “Forbes”un qlobal reytinqində yeni tarixi rekordlara imza atıblar. Siyahıya əsasən, Rusiyanın ən zəngin şəxslərinin ilk üçlüyü aşağıdakı kimidir: Aleksey Mordaşov (“Severstal”): Sərvəti 37 milyard dollara yüksələrək ölkənin ən varlı iş adamı olub; Vladimir Potanin (“Norilsk Nikel”): 29,7 milyard dollarla ikinci yerdə qərarlaşıb; Vahid Ələkbərov (“Lukoil”): Əslən azərbaycanlı olan milyarder 29,5 milyard dollarla ilk üçlüyü tamamlayıb.
Həftənin DANIŞIĞI

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında mühüm telefon danışığı baş tutub. Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib. Uşakovun sözlərinə görə, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub: “Prezidentlər “mövcud beynəlxalq vəziyyətin inkişafını”, xüsusilə Yaxın Şərqdə gərginləşən hərbi eskalasiyanı müzakirə ediblər”.
Həftənin YORĞUNU

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens amerikalıların əksəriyyəti kimi siyasətdən yorulduğunu etiraf edib. Vens bu barədə Beynəlxalq Yanğınsöndürənlər Assosiasiyasına müraciəti zamanı danışıb. Vitse-prezident yeni seçki marafonuna toxunaraq maraqlı ifadələr işlədib: “Bir siyasətçi kimi mən də növbəti seçki kampaniyası dövrünə qədəm qoyuram, amma mən də sizin qədər siyasətdən bezmişəm”.
Həftənin NAZİRİ

Elm və təhsil naziri Emin Əmrullayev Novruz bayramı ərəfəsində Xankəndidə təhsil müəssisələrinə baş çəkib. O, Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə şagirdlərə riyaziyyat dərsi keçib. Həmçinin nazir Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında azyaşlılarla yumurta döyüşdürüb.