AZ

Rəqəmsal bazarlarda istehlakçıların hüquqları necə qorunur? Agentlik rəsmisindən maraqlı açıqlamalar

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Apardığımız təhlillər göstərir ki, elektron və rəqəmsal bazarların gətirdiyi üstünlüklərlə yanaşı, istehlakçılar müəyyən risklərlə də üzləşirlər. Bunların arasında ən çox yayılanlardan biri rəqəmsal sahədə baş verən dələduzluq, şəxsi məlumatlara qanunsuz müdaxilə və buna bənzər hallardır. Daxil olan müraciətlərin təxminən 30 faizi məhz rəqəmsal sahədə məlumatlardan istifadə ilə bağlıdır".

Oxu.Az xəbər verir ki, bu fikirləri "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev deyib.

O bildirib ki, bu nəticə digər qurumların apardıqları təhlillərdə də öz əksini tapır:

"Məsələn, son zamanlar Mərkəzi Bankın yaydığı məlumatlara görə, elektron platformalarda aparılan əməliyyatlar nəticəsində nağdsız ödənişlərin sayı və həcmi ildən-ilə artır.

Bu sahədə istehlakçı hüquqlarının müdafiəsi üçün dövlət orqanı olaraq bizim qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərimiz və alətlərimiz mövcuddur. Lakin hesab edirik ki, istehlakçı hüquqlarının təmin olunması təkcə qanunla verilmiş səlahiyyətlərlə deyil, eyni zamanda "yumşaq güc" vasitələri ilə də həyata keçirilməlidir.

Elektron və rəqəmsal sahədə baş verən münasibətlər göstərir ki, artıq ənənəvi istehlakçı və sahibkar münasibətləri tamamilə yeni prizmadan nəzərdən keçirilməlidir".

C.Babayev əlavə edib ki, istehlakçı hüquqlarının rəqəmsal mühitdə müdafiəsi təkcə ölkəmiz üçün aktual məsələ deyil, dünya miqyasında da ən vacib mövzulardan biridir və bu istiqamətdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir:

"Onların arasında ən mühüm təşkilatlardan biri ICN - Beynəlxalq Rəqabət Şəbəkəsidir. Bu şəbəkə tənzimləyici qurumları bir araya gətirərək onların arasında təcrübə mübadiləsini təmin edir. Ölkəmiz 2006-cı ildən həmin təşkilatın üzvüdür və onun fəaliyyətində fəal iştirak edir.

BMT-nin müvafiq qurumları da bu sahədə standartları müəyyən edən təşkilatlar hesab olunurlar. UNCTAD - BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı bu təşkilatlardan biridir. Bu qurum istehlakçı hüquqları və rəqabət məsələləri üzrə beynəlxalq standartların müəyyən edilməsində mühüm rol oynayır.

Agentliyimiz də həmin təşkilatın fəaliyyətində yaxından iştirak edir. Əməkdaşlarımız mütəmadi olaraq təşkilatın seminar və təlimlərinə qatılır və orada qazanılan təcrübə Azərbaycanda tətbiq olunur".

Daha çox şəkil: PhotoStock.Az

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
oxu.az

1Mənbələr