ABŞ-ın İranla altı gün davam edən hərbi əməliyyatlara xərclədiyi vəsait Ukraynanın təxminən iki aylıq müharibə xərclərinə bərabər ola bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb.
Məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin aparıcı demokrat üzvü senator Kris Kunsun hesablamalarına əsasən, İranla müharibənin ilk altı günü ABŞ-a ən azı 11,3 milyard dollara başa gəlib. Pentaqon da bir gün əvvəl qanunvericilər üçün keçirilən qapalı brifinqdə oxşar rəqəmlər təqdim edib.
ABŞ Müdafiə Nazirliyinin ilkin qiymətləndirməsinə görə, İranla müharibənin ilk altı günü ən azı 11 milyard dollar təşkil edib və bu məbləğ bütün xərcləri tam əhatə etmir. Bildirilir ki, əməliyyatın ilk iki günündə təkcə sursata 5,6 milyard dollar xərclənib.
Müqayisə üçün qeyd olunur ki, Ukraynanın 2025-ci ildə müharibə xərcləri gündə orta hesabla 172 milyon dollar təşkil edib. Bu barədə Ukrayna parlamentinin deputatı Roksolana Pidlasa məlumat verib. Hesablamalara görə, ABŞ-ın İranla müharibədə bir günlük xərci təxminən 1,883 milyard dollara bərabərdir.
Beləliklə, ABŞ-ın bir günlük hərbi xərcləri Ukraynanın təxminən 10–11 günlük müdafiə xərclərinə bərabər hesab olunur. Altı gün üçün nəzərdə tutulan 11,3 milyard dollar isə Ukraynanın təxminən iki aylıq hərbi ehtiyaclarını qarşılaya bilər.
Qeyd edək ki, Ukraynanın 2025-ci ildə dövlət büdcəsi hesabına maliyyələşdirilən müdafiə xərcləri təxminən 49 milyard dollar olub. Bu məbləğ ABŞ-ın İranla müharibədəki hazırkı xərcləmə tempi ilə müqayisə edildikdə, cəmi 26 günə bərabərdir.
2026-cı il üçün Ukrayna dövlət büdcəsində müdafiə xərcləri üçün 2,8 trilyon qrivna vəsait ayrılıb. Milli Bankın mövcud məzənnəsinə əsasən, bu məbləğ təxminən 63,5 milyard dollara bərabərdir.
Hesablamalara görə, hərbi əməliyyatların intensivliyi eyni səviyyədə qalsa, ABŞ-ın hazırkı xərcləmə tempi ilə Ukraynanın 2026-cı il üçün nəzərdə tutulmuş bütün müdafiə büdcəsi təxminən 33–34 günlük müharibə üçün kifayət edə bilər.