Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ali Məhkəmədə Tovuz rayonunun Alakol Kənd Bələdiyyəsinin keçmiş sədri Ceyhun Quliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Tovuz Rayon Məhkəməsinin hökmü ilə Ceyhun Quliyev Cinayət Məcəlləsinin (CM) 309.1-ci və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib.
Məhkəmənin hökmünə əsasən, o, CM-in 309.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə uyğun olaraq 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2500 manat məbləğində cərimə cəzası təyin edilib. Bundan əlavə, o, CM-in 313-cü maddəsi ilə 2000 manat məbləğində cərimə cəzasına məhkum olunub. CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş əsas cəzalar qismən toplanmaq yolu ilə birləşdirilərək, Ceyhun Quliyevə qəti olaraq 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3500 manat məbləğində cərimə cəzası təyin edilib.
Hökmdə həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən olunub.
Birinci instansiya məhkəməsinin hökmündən sonra zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət təqdim olunub. Lakin Tovuz Rayon Məhkəməsinin qərarı ilə həmin vəsatət təmin edilməyib.
Bu qərardan zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Daha sonra zərərçəkmiş şəxsin nümayəndəsi həmin qərardan kassasiya şikayəti verib. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli qərarının qeyri-qanuni və əsassız olduğu göstərilərək, qərarın ləğv edilməsi və Tovuz Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə daha ədalətli qərarın qəbul edilməsi xahiş olunub.
Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin olunmayıb.
Qeyd: 2025-ci ildə Ceyhun Quliyev barəsində Tovuz Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi; fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, o, 14 bələdiyyə üzvünün, katibin onların özünün iştirakı və xəbəri olmadan imzalarından, şəxsiyyət vəsiqələrinin surətindən icazəsiz, qanunsuz istifadə edib, heç bir bələdiyyə iclası keçirmədən Köhnəqala kənd sakininin torpağını başqa bir şəxsə saxta sənədləşmə yolu ilə satıb.
Bundan başqa, Ceyhun Quliyev müharibə veteranı olan şəxsin də torpağını eyni qaydada qanunsuz olaraq başqasına satıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.