AZ

Donald Tramp: ABŞ Hörmüz boğazında minalanma təhlükəsini zərərsizləşdirib...

ABŞ prezidenti bildirib ki, İranın minaqoyma gəmilərinin məhv edilməsi nəticəsində neft şirkətləri boğazdan təhlükəsiz istifadə edə bilər...

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında İran tərəfindən yaradıldığı iddia olunan minalanma təhlükəsinin ABŞ Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.

Poliqon xəbər verir ki, bu barədə prezident jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Donald Trampın sözlərinə görə, ABŞ hərbçiləri qısa müddət ərzində İranın minaqoyma fəaliyyətinə ciddi zərbə endirib və nəticədə regionda dəniz nəqliyyatının təhlükəsizliyi təmin olunub. Prezident qeyd edib ki, bu addımdan sonra beynəlxalq neft şirkətləri və tanker operatorları Hörmüz boğazından təhlükəsiz şəkildə istifadə edə bilərlər.

ABŞ prezidentinə neft şirkətlərinin rəhbərləri ilə əlaqə saxlayıb-saxlamadığı barədə verilən suala cavab olaraq Donald Tramp belə deyib: “Düşünürəm ki, onlar bundan istifadə etməlidirlər. Biz bir gecənin içində onların minaqoyma gəmilərinin demək olar ki, hamısını məhv etdik”.

Prezidentə boğazda hələ də minaların olub-olmaması barədə əlavə sual ünvanlandıqda isə o, “Biz belə düşünmürük” cavabını verib və bölgədə vəziyyətin nəzarət altında olduğunu bildirib.

Donald Tramp əlavə edib ki, ABŞ qüvvələri əməliyyat zamanı İranın ümumilikdə 31 minaqoyma gəmisini məhv edib. Onun sözlərinə görə, bu əməliyyat İranın dənizdə minalama imkanlarına ciddi zərbə vurub və regionda strateji dəniz yollarının təhlükəsizliyinin qorunmasına xidmət edib.

ABŞ prezidenti bundan əvvəl də çıxışlarında Vaşinqtonun həyata keçirdiyi hərbi əməliyyatların İranın hərbi potensialına ciddi zərər vurduğunu iddia edərək, ABŞ-nin “praktiki olaraq İranı məhv etdiyini” bildirmişdi.

Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyətə malik əsas dəniz marşrutlarından biri hesab olunur. Qlobal neft tədarükünün əhəmiyyətli hissəsi məhz bu boğaz vasitəsilə daşındığı üçün bölgədə yaranan hərbi və təhlükəsizlik riskləri beynəlxalq enerji bazarlarına birbaşa təsir göstərir.

Poliqon.info

Seçilən
67
50
poliqon.info

10Mənbələr