AZ

CNN: Tramp İranla münaqişəni “ekskursiya” adlandırıb

ABŞ prezidenti bildirib ki, İranla qarşıdurma həm müharibədir, həm də daha böyük münaqişənin qarşısını almağa yönəlmiş qısa əməliyyatdır...

ABŞ prezidenti Donald Tramp İranla bağlı davam edən hərbi qarşıdurma haqqında danışarkən bu münaqişəni həm müharibə, həm də “ekskursiya” kimi xarakterizə edib.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Tramp martın 11-də ABŞ-ın Ohayo ştatına səfəri zamanı onu müşayiət edən jurnalistlərin suallarını cavablandırarkən İranla bağlı əməliyyatın mahiyyəti barədə danışıb. Jurnalistlərdən biri prezidentin daha əvvəl səsləndirdiyi “ekskursiya” ifadəsinə aydınlıq gətirməsini istəyib.

“Bir az əvvəl bunun kiçik ekskursiya olduğunu dediniz, sonra isə müharibə adlandırdınız. Bəs əslində bu nədir?” sualına Tramp belə cavab verib: “Bu, həm o, həm də budur”.

ABŞ prezidenti əlavə edib ki, bu əməliyyat daha geniş müharibənin qarşısını almaq məqsədi daşıyır. Onun sözlərinə görə, İran üçün bu qarşıdurma müharibə kimi qiymətləndirilə bilər, lakin ABŞ üçün əməliyyat gözlənildiyindən daha asan keçib.

“Bu, bizi böyük müharibədən qorumağa imkan verən bir ekskursiyadır. Onlar üçün bu müharibədir. Bizim üçün isə düşündüyümüzdən daha asan oldu”, deyə Tramp bildirib.

CNN qeyd edir ki, son günlər ABŞ prezidenti münaqişənin davametmə müddəti ilə bağlı fərqli və bəzən ziddiyyətli açıqlamalar verib. Belə ki, bazar ertəsi Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçı deputatlar qarşısında çıxış edərkən əməliyyatı “qısamüddətli ekskursiya” adlandırıb.

Bununla yanaşı, o daha sonra ABŞ administrasiyasının İranla bağlı siyasətində geri çəkilməyəcəyini vurğulayaraq “son qələbəyə nail olmaq üçün əvvəlkindən daha qətiyyətli şəkildə irəliləyəcəklərini” bildirib.

Analitiklər hesab edirlər ki, Trampın bu cür ziddiyyətli bəyanatları ABŞ administrasiyasının İranla bağlı strategiyasının necə inkişaf edəcəyi ilə bağlı suallar doğurur və regionda gərginliyin gələcək istiqaməti barədə müzakirələri daha da gücləndirir.

Poliqon.info

Seçilən
73
poliqon.info

1Mənbələr