İranın xarici işlər naziri bildirib ki, hücum zamanı bankın binasında çox sayda əməkdaş olub...
Poliqon xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraili ölkənin maliyyə infrastrukturuna qarşı hücum həyata keçirməkdə ittiham edib. Nazir bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Əraqçinin sözlərinə görə, ABŞ və İsrail İranın ən qədim banklarından birinin filialına zərbə endirib. O bildirib ki, hücum zamanı binanın daxilində çox sayda əməkdaş işləyirdi və bu hadisə ölkənin mülki infrastrukturuna qarşı hücum kimi qiymətləndirilməlidir.
Nazir qeyd edib ki, zərbələr İranın milli infrastrukturuna qarşı yönəlib və bu cür addımlar regionda gərginliyin daha da artmasına səbəb ola bilər. Onun sözlərinə görə, hücum nəticəsində bankın fəaliyyəti ciddi şəkildə zərər görüb.
“Bu dəfə mənim ölkəmin ən qədim bankının filialı bombalandı və həmin vaxt binada çoxlu əməkdaş var idi”, deyə Əraqçi bildirib.
Diplomat əlavə edib ki, həmin bank əməkdaşları İran vətəndaşlarının ərzaq təminatı ilə bağlı əməliyyatların həyata keçirilməsi üzərində çalışırdılar. Onun sözlərinə görə, işçilər İran təqviminə görə yeni il bayramı ərəfəsində ölkə əhalisinin ərzaqla təmin olunması üçün maliyyə əməliyyatlarını təşkil edirdilər.
İran tərəfi bu hücumu mülki və iqtisadi infrastruktura qarşı həyata keçirilmiş addım kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti məsələyə diqqət yetirməyə çağırır.
Analitiklər hesab edirlər ki, regionda davam edən gərginlik fonunda enerji, maliyyə və digər strateji obyektlərə qarşı hücumların artması Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər.
Poliqon.info