AZ

Bazarlarda bu məhsul bahalaşadı

Azərbaycanlı fermerlərin sözlərinə görə, kartofun qiymətində 10-15 qəpik artım var. Bəs artıma səbəb nədir və bahalaşma nə vaxtadək davam edəcək?Kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, ilin bu dövrlərində kartof qiymətlərində az da olsa artım, həmişə müşahidə olunub: “Çünki kartofun istehsal və yığım dövründən kifayət qədər vaxt keçib. Hazırda bazarda əsasən anbarlarda saxlanılan məhsulların satışı və istifadəsi gedir. Bu ehtiyatlar isə yeni kartof bazara çıxana qədər, yəni may ayına qədər istifadə olunur. Yəni bu gün bazara daxil olan kartof gündəlik istehsal olunan məhsul deyil. İstehsal olmadığı üçün istər-istəməz bütün məhsullarda olduğu kimi, mövsümün sonuna doğru müəyyən qədər qiymət artımı müşahidə olunur. Bu, məsələnin bir tərəfidir”. Ekspertin sözlərinə görə, daxili istehlakın böyük bir hissəsini yerli istehsal hesabına qarşılamağımızın da burada rolu var: “Təxminən 15 faiz civarında isə idxal həyata keçirilir və bu idxal əsasən yaxın qonşu ölkələrdən edilir. Hazırda əsas idxal ölkələrindən birində mövcud müharibə ilə bağlı müəyyən problemlər yarandığı üçün bu vəziyyət sahibkarların davranışına və strategiyasına təsir göstərə bilər. Əgər həmin proses uzanarsa və idxalda çətinliklər yaranarsa, bu da sahibkarların əllərində olan məhsulu nisbətən daha baha qiymətə satmağa çalışmasına səbəb ola bilər ki, bu da biznes subyektləri üçün müəyyən mənada normal yanaşma hesab olunur. Bu səbəbdən də mövcud vəziyyətdə sahibkarlar əllərindəki məhsulu bazara bir qədər yüksək qiymətlə təklif edə bilirlər. Bu isə öz növbəsində ticarət obyektlərində və istehlak bazarında satış qiymətlərinə də təsir edir”. C.İbrahimli qeyd edib ki, kartof üzrə ölkəyə mütəmadi idxal həyata keçirilir və onun fikrincə, kifayət qədər məhsul idxal olunub: “Sadəcə hazırda anbar qalıqlarının həcmi barədə dəqiq məlumat yoxdur. Əgər bu məlumat müvafiq qurumlar tərəfindən açıqlansaydı, ictimaiyyət də daha məlumatlı olar və bəlkə də qiymət dalğalanmalarının qarşısını müəyyən qədər almaq mümkün olardı. Ümumilikdə isə mövsümün bu dövrü üçün belə qiymət artımı müəyyən mənada normal hesab olunur və bir müddət davam edə bilər. May ayında isə Azərbaycanda, xüsusilə Aran rayonlarında təzə kartof bazara çıxmağa başlayır. Həmin dövrdə qiymətlərin yenidən əvvəlki səviyyəsinə qayıdacağını düşünürəm”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
107
1
metbuat.az

2Mənbələr