AZ

"Sınaqda 250-300 bal toplayanlar elə bilirlər ki, buraxılışdan da eyni balı toplamalıdırlar" -Mütəxəssisdən REAKSİYA

"Çox təəssüf olsun ki, 11 illik buraxılış imtahanına qeyri-ciddi yanaşan şəxslər kifayət qədər çoxdur. Bu qəbul imtahanının birinci mərhələsidir və abituriyentlər mümkün 700 balın 300 balını bu imtahanda toplayırlar. Amma çoxu üçün bu imtahan sadəcə sıradan bir imtahan və yaxud da attestat imtahanı kimi düşünülür. Düşünürlər ki, bu attestat imtahanıdır, sadə olmalıdır və s. Xeyr, bu, qəbul imtahanının birinci mərhələsidir".

Bu fikirləri Redaktor.az-a elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi martın 9-da keçirilən 11 illik buraxılış imtahanının hansı səviyyədə olmasından danışarkən bildirdi.

Onun sözlərinə görə, imtahana ciddi hazırlaşmaq lazımdır:

"Bəzi şəxsləri görürük ki, hansısa platformalarda abituriyentləri sadə suallar üzərində yönləndirirlər, abituriyentlər asan suallara öyrəşirlər, daha sonra çətin suallarla qarşılaşırlar və yaxud da yeni suallarla qarşı-qarşıya qalanda sualların çətin olduğunu düşünürlər. Sanki bu zamana qədər bu suallar işlədilməli idi və bunlar bu sualları görməli idilər. Belə bir şey heç yerdə yoxdur. O demək deyil ki, Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi test toplusu və yaxud sinif testlərində olan suallar mütləq buraxılış imtahanında yer almalıdır. Xeyr, ola bilər biri, ikisi və yaxud üçü, dördü hansısa bir şərt dəyişikliyi və yaxud variant dəyişikliyi ilə istifadə edilsin. Amma bütün suallar hamısı bizim işlədiyimiz suallar olmalıdır deyə bir qayda yoxdur. Yəni, yeni suallar var, bazaya yeni suallar daxil olur və onun üzərindən də əlbəttə ki, müvafiq olaraq abituriyentlər imtahan verirlər. DİM-in vahid proqramı, Elm və Təhsil Nazirliyinin tam orta təhsil müəssisələri üçün nəzərdə tutulan tədris proqramından kənar hər hansı bir mövzu və yaxud sual yoxdur. Yəni bir nəfər deyə bilməz ki, məsələn, bu mövzu bizim tədris proqramında yoxdur, bu mövzu tədris olunmayıb. Sınaqda 250-300 bal toplayanlar elə bilirlər ki, buraxılışdan da eyni balı toplamalıdırlar. Xeyr, belə deyil".

Elçin Əfəndi bu il maksimal nəticə göstərən abituriyentlərin olub-olmayacağından da danışdı:

"Bu il də maksimal nəticə göstərən abituriyent olacaq. Çünki bu il imtahan verən abituriyentlər iki il bundan əvvəl də imtahan vermişdilər, doqquz illik bazadan 26 nəfər maksimal nəticə əldə etmişdi, yəni 300 bal toplamışdı. Düşünürəm ki, bu il də imtahan nəticələri yüksək olan abituriyentlər olacaq. Yəni, 58 min nəfərdən çox abituriyentin içərisindən düşünmürəm ki, maksimal nəticəni əldə edən abituriyentlər olmasın. Yəqin ki, olacaq.

Biz imtahanların çətin və yaxud asan olduğu məsələsini yalnız imtahan nəticələrindən sonra bilə bilərik. Ötən ilin median göstəricisi ilə bu ilin median göstəricisinə baxılacaq. Bütün iştirakçıların əldə etdiyi nəticələrin median göstəricisi ötən ildən yüksəkdirsə, demək, imtahan kifayət qədər rahat olub. Əgər aşağıdırsa, deməli, imtahan çətin olub və bununla bağlı yəqin ki, DİM də məlumat verəcək. Amma hazırda bu barədə fikir bildirməyi düzgün hesab etmirəm. Suallar həmişəki prinsipə uyğun olaraq sadə, orta və çətin səviyyədə hazırlanıb. Çətin suallar, məlum olduğu kimi, daha güclü nəticə göstərənləri müəyyənləşdirmək üçündür. Sadə və orta səviyyəli suallar isə nisbətən hazırlaşan və ya orta hazırlıq səviyyəsi olan iştirakçılar üçün nəzərdə tutulur".

Müsahibimiz qeyd etdi ki, buraxılış imtahanının nəticələri açıqlandıqdan sonra apellyasiya komissiyası fəaliyyət göstərəcək:

"Əgər elmi və yaxud texniki xətalar varsa, abituriyentlər bununla bağlı müraciət edə bilərlər. Əgər DİM həqiqətən də şəxslərin iddiaları əsasında elmi və ya texniki xətanın olduğunu aşkarlayarsa, o zaman həmin imtahan nəticələri də abituriyentlərin xeyrinə hesablanır. Amma bildiyimiz kimi keçirilən buraxılış imtahanında hər hansı bir fəndən nə elmi, nə də texniki sual səhvi olub. Ola bilər bəzi yerlərdə, bölgələrdə bildirilir, məsələn, dinləmə mətni ilə bağlı hər hansı bir səsdə xırıltı, xışıltı kimi texniki məsələlər olub, bu da imtahan gedişatında baş verə biləcək hallardır, amma könül istər ki, olmasın, təəssüf ki, belə hallarda istisna olmur".

Aytəkin TOFİQQIZI

Seçilən
58
1
redaktor.az

2Mənbələr