AZ

Satışı qadağan deyil, ancaq nömrə gizlədən qurğulardan istifadə edənlər cərimə olunurlar - Vəkildən AÇIQLAMA

Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır. Bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.

Bu tərz qurğulardan istifadə edən sürücüləri hansı cəza gözləyir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan vəkil Araz Nurməmmədov bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və qurğulardan istifadə edilməsi inzibati xəta hesab olunur:

"Bu halda inzibati xətanın törədilməsində istifadə olunan alət və xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilir, şəxs isə 500 manatdan 800 manatadək məbləğdə cərimə olunur. Həmin müddəada açıq şəkildə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və qurğulardan istifadə edilməsi qeyd edilir. Bəzən elə hallar olur ki, şəxs avtomobilin arxa hissəsində velosiped daşıyır və velosiped dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdırır. Belə hallarda bəzi Dövlət Yol Polisi əməkdaşları şəxsi bu maddə ilə cərimə edirlər. Bu yanaşma mübahisəlidir. Çünki maddənin mətnində qeyd olunan hal örtük və qurğulardan istifadə edilməsidir. Velosipedin daşınması isə birbaşa olaraq nömrə nişanını gizlətmək məqsədi daşıyan örtük və ya xüsusi qurğu kimi qiymətləndirilmir. Digər tərəfdən, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və qurğulardan istifadə qanunvericiliklə qadağandır və buna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə tətbiq olunur. Ancaq həmin örtük və qurğuların satışı ilə bağlı qanunvericilikdə açıq qadağa mövcud deyil. Onların satışını qadağan edən və buna görə məsuliyyət müəyyən edən hər hansı norma nəzərdə tutulmayıb. Yəni İnzibati Xətalar Məcəlləsində bu cür vasitələrin satışına görə ayrıca cərimə müəyyən edən maddə yoxdur. Nəticə etibarilə, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və ya qurğulardan istifadə edilməsi şəxsin 500 manatdan 800 manatadək məbləğdə cərimə olunması ilə nəticələnir".

Xədicə BAXIŞLI

Seçilən
73
2
redaktor.az

3Mənbələr