AZ

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvana gedib - FOTO

Martın 11-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

"Unikal" xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib. Qonaqlar, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini də ziyarət edərək xatirəsini ehtiramla anıblar.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Metin Tokel ilə görüşüb. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Brifinq zalında ƏÜO-nun yaranma tarixi, inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlər barədə qonaqlara ətraflı məlumat verilib.

Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin təmin olunması məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu vurğulayıb. O, həmçinin tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq Azərbaycanın yanında olduqlarını və istənilən hərbi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

Sonda tərəflər birgə hərbi təlimlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər.

Seçilən
26
unikal.az

1Mənbələr