AZ

Vəkil: Cərimə növündə cəzanın icrası mexanizmi daha aydın və effektiv şəkildə tənzimlənəcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

“Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun 24-cü maddəsinə dəyişiklikliyin əsas məqsədi cərimə növündə cəzanın icrası mexanizmini daha aydın və effektiv şəkildə tənzimləməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Elvin Əliyev bildirib.

Onun sözlərinə görə, təcrübədə cərimə cəzasının ödənilməməsi hallarında icra mexanizmi bəzən qeyri-müəyyən olurdu. Yeni redaksiya isə cərimənin hansı ardıcıllıqla və vasitələrlə tutulacağını dəqiq müəyyən edir: “Yeni redaksiyaya əsasən, məhkum tərəfindən cərimə müəyyən edilmiş müddətdə ödənilmədikdə onun icrası məcburi qaydada həyata keçirilir. Bu halda cərimənin tutulması ardıcıllığı belə aparılır: Məhkəmə qərarı ilə məcburi icra, əgər məhkum cəriməni könüllü şəkildə ödəməzsə, həmin cərimənin icrası hökm çıxarmış məhkəmənin qərarı ilə məcburi icraya yönəldilir. Bu, o deməkdir ki, məhkəmənin qərarı icra sənədi kimi istifadə olunur və məsələ icra orqanlarının səlahiyyətinə keçir”.

Elvin Əliyev qeyd edib ki, yeni qaydaya görə, cərimənin tutulması, ilk növbədə, məhkumun gəlirlərinə yönəldilir. Buraya əməkhaqqı, sahibkarlıq fəaliyyətindən əldə edilən qazanc, digər rəsmi gəlirlər daxildir. “Bu mexanizm sosial balansın qorunması məqsədi daşıyır. Yəni məhkumun əmlakına dərhal müdaxilə olunmadan əvvəl onun mövcud gəlirləri hesabına cərimənin ödənilməsi təmin edilir. Gəlir olmadıqda əmlaka yönəldilməsi, buraya nümunə olaraq daşınmaz əmlak (mənzil, torpaq sahəsi və s.), nəqliyyat vasitələri, bank hesablarında vəsait, digər qiymətli əmlak daxildir. Əgər əmlak ümumi mülkiyyətdədirsə (məsələn, ailə üzvləri ilə birlikdə), yalnız məhkumun həmin əmlakdakı payı icraya cəlb edilir. Maddədə göstərilir ki, əmlaka yönəldilmə prosesi “İcra haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə uyğun həyata keçirilir. Bu prosedur borclunun hüquqlarının qorunması və icra prosesinin qanuni çərçivədə aparılması üçün nəzərdə tutulur”, - deyə o diqqətə çatdırıb.

Hüquqşünas əlavə edib ki, bu dəyişiklik bir neçə mühüm hüquqi nəticə yaradır: “Cərimələrin icra mexanizmi konkretləşdirilir. Artıq cərimənin tutulması mərhələləri qanunda aydın göstərilir. Məhkəmə qərarlarının icrası gücləndirilir. Cərimə ödəməkdən yayınma hallarında dövlət icra mexanizmi daha effektiv tətbiq edilə bilər. Borclunun hüquqları qorunur. Əvvəlcə gəlir mənbələri nəzərə alınır, yalnız zərurət yarandıqda əmlaka yönəldilir. Cərimənin icrası birbaşa icra prosedurlarını tənzimləyən qanunla əlaqələndirilir. Belə nəticəyə gəlmək olar ki, qanunda dəyişiklik cərimə növündə cəzanın icra mexanizmini sistemləşdirən və praktiki tətbiqini asanlaşdıran hüquqi yenilikdir. Yeni redaksiya cərimələrin ödənilməməsi hallarında dövlətin icra imkanlarını gücləndirməklə yanaşı, borclunun hüquqlarının qorunmasını da nəzərdə tutur”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
1
azertag.az

2Mənbələr