Həkimlər süzülməmiş suyu saç üçün təhlükəli adlandırıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri mütəxəssis-dermatoloqun rəyinə istinadən məlumat yayıb.
Həkimlər bildirirlər ki, başı filtrlənməmiş kran suyu ilə yumaq vərdişi saçların tökülməsinə və nəticədə tam keçəlləşməyə yol aça bilər.
Mütəxəssisin sözlərinə görə, filtrlənməmiş su ilə yuyunma zamanı saç follikulları (soğanqları) zəifləyir və onların kanalları tıxanır. Bu da öz növbəsində keçəlləşmə riskini kəskin artırır.
Bundan əlavə, keyfiyyətsiz su baş dərisinin sağlamlığını pozaraq quruluq, qaşınma və qabıqlanma yaradır ki, bu da mənfi fəsadlara səbəb olur.
Əgər insanda saç tökülməsinə qarşı genetik və ya hormonal meyillilik varsa, kran suyundan istifadə bu problemləri daha da dərinləşdirir.
Həkim həmçinin vurğulayıb ki, suyun tərkibindəki metallar və müxtəlif qarışıqlar saçlarla kimyəvi reaksiyaya girərək onların rəngini dəyişə, yaşılımtıl və ya mis çalarlarının yaranmasına səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az