AZ

"65 yaşına çatmış müəllimlərlə bağlı tələsik qərar qəbul etməməliyik"

Deputat Arzuxan Əlizadə bildirib ki, müəllimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. O, fikrini regionlarda müəllim çatışmazlığının olması ilə əsaslandırıb.

Bəs müəllimlərin təqaüdə çıxma yaşı artırılmalıdırmı?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələni təhlil etdikdə bir neçə nüansı nəzərə almalıyıq.

Millət vəkili 65 yaşına çatmış müəllimlərin hamısının yaşı tamam olan kimi işdən azad olunmasını doğru hesab etmir:

"Hesab edirəm ki, bu, belə olmamalıdır. Bəzi bölgələrdə biz 65 yaşı olan müəllimləri işdən çıxarırıq, amma onların yerinə qoyacağımız müəllimlərimiz yoxdur. Bu gün regionlarda bəzi müəllimlər 65 yaşla bağlı işdən azad ediliblər. Bu məsələdə balansın gözlənilməsinə ehtiyac var. Bəli, gənc müəllimlərə də şərait yaratmalıyıq, amma digər tərəfdən 65 yaşına çatmış müəllimlərlə bağlı tələm-tələsik qərar qəbul etməməliyik. Burada bir qızıl orta tapılmalıdır. Əgər müəllimin 65 yaşı tamam olursa və onu əvəz edə biləcək şəxs varsa, biz onu azad edib yerinə kimisə götürə bilərik. Amma yoxdursa, bu zaman gözləmək lazımdır. Düşünürəm ki, müəllimlik elə bir peşədir ki, burada gənc nəsil yaşlı nəsildən bu peşənin sirlərini öyrənməlidir.

Əgər biz kütləvi şəkildə məktəblərimizi cavanlaşdırsaq, bu prosesə kütləvi şəkildə getsək, yeni nəslə bu təcrübəni və bacarığı necə ötürəcəyik? Məsələnin bir önəmli tərəfi də budur. Biz bu önəmli məqamı mütləq şəkildə nəzərə almalı və diqqətdə saxlamalıyıq. Yoxsa çətin bir mərhələnin və mürəkkəb bir prosesin şahidi ola bilərik. Bu nüans mütləq nəzərə alınmalıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
72
1
redaktor.az

2Mənbələr