AZ

Banklar bağlana bilər: “Kredit faizləri artacaq”

Ölkədə kredit fazilərinin yüksək olması son illər ən aktual mövzulardan biridir.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, 2026-cı ildə bank sektoru üçün əsas gözləntilərdən biri banklar arasında rəqabətin daha da güclənməsi olacaq.

O qeyd edib ki, xüsusilə kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, bu isə nəticə etibarilə müştərilər üçün daha əlverişli şərtlərin formalaşmasına, daha münasib kredit imkanlarının və daha cəlbedici depozit məhsullarının təqdim olunmasına gətirib çıxaracaq. 

O bildirib ki, bu baxımdan cari il həm fərdi müştərilər, həm də biznes subyektləri üçün bank xidmətlərindən daha effektiv faydalanmaq baxımından əlverişli dövr olacaq.

Bəs kredit və depozit faizləri üzrə banklar arasında rəqabət yeni bankların yaranması hesabınamı artacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, yeni bankların açılması gözlənilmir, əksinə son günlərdə bir bank da bank olmayan kredit təşkilatına (BOKT) çevrilib:

“İstisna deyil ki, yaxın illərdə hansısa bank yenidən BOKT-a çevrilə bilər. Yaxud, digər bankla birləşə bilər. Yəni mən ölkədə bank sistemində təmərküzləşmə görürəm. Ən azı bu prosesdə heç bir dəyişiklik yoxdur. Ona görə də hansısa rəqabətin olacağını gözləmirəm. 

Əgər kimsə kredit və depozit faizləri üzrə banklar arasında rəqabətin artacağını deyirsə, o deməldir ki, nəyin hesabına bu reallaşa bilər. Əmanətlə bağlı bugünə milli valyutada əmanətlərin sığortalanmasının 90 faizi 12 faizdir.

Əgər birdən-birə 12 faiz yox, 6 faizi sığortalasalar, bu vətəndaşları qane etməyəcək, daha çox istəyəcəklər. Bu halda da heç bir rəqabət olmayacaq. Əksinə, insanlar daha yüksək faizlə böyük banklara pul qoyacaqlar ki, onların bağlanma ehtimalı yoxdur. Yəni əmanət bazarında bu ola bilər.  

Kredit bazarında isə ümumiyyətlə, faizlərin enməsi ehtimalı yoxdur. Əksinə, artması ehtimalı var. Çünki vətəndaşların da biznesində, ödəniş qabiliyyətində ciddi problemlər var.

Bu problemlər də getdikcə daha da dərinləşəcək. Buna görə də mən rəqabətin artması üçün şərait görmürəm. Azərbaycanda bəlkədə 20 ildir ki, yeni bank açılmayıb”.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr