AZ

Pezeşkianın oğlu: Müctəba Xameneinin yaralanmasına baxmayaraq, həyatı üçün təhlükə yoxdur...

İran prezidentinin oğlunun sözlərinə görə, ölkənin yeni ali lideri müharibənin ilk günündə  yaralansa da, hazırda vəziyyəti stabildir və özünü yaxşı hiss edir..

İranın yeni ali lideri Müctəba Xamenei müharibə zamanı aldığı yaralara baxmayaraq təhlükəsiz vəziyyətdədir və səhhəti qənaətbəxş hesab olunur.

Poliqon xəbər verir ki, bu barədə İran hökumətinin müşaviri və ölkə prezidentinin oğlu Yusif Pezeşkian məlumat verib.

Pezeşkian çərşənbə günü özünün Telegram kanalında paylaşdığı açıqlamada Müctəba Xameneinin yaralanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O qeyd edib ki, məsələ ilə bağlı əlaqələri olan şəxslərdən məlumat alıb və onların sözlərinə görə, İranın ali lideri hazırda təhlükəsiz şəraitdədir və səhhəti yaxşıdır.

“Cənab Müctəba Xameneinin yaralandığı barədə xəbərlər eşitdim. Əlaqələri olan bəzi dostlardan soruşdum. Onlar dedilər ki, Allaha şükür, o təhlükəsizdir və özünü yaxşı hiss edir”, deyə Pezeşkian bildirib.

Bundan əvvəl İranın dövlət televiziyası 56 yaşlı Müctəba Xameneini “Ramazan müharibəsinin yaralı veteranı” kimi təqdim edib. Lakin onun aldığı xəsarətlərin dəqiq xarakteri və dərəcəsi barədə rəsmi məlumat verilməyib.

ABŞ-nin The New York Times nəşrinin məlumatına görə, Müctəba Xamenei ABŞ və İsrail tərəfindən İran ərazisinə endirilən zərbələrin ilk günündə yaralanıb. Həmin hücumların İranın bir sıra hərbi və strateji obyektlərini hədəf aldığı bildirilir.

Məlumatlara görə, regionda davam edən gərginlik fonunda İran rəhbərliyinin təhlükəsizliyi xüsusi nəzarət altına alınıb. Rəsmi dairələr Müctəba Xameneinin vəziyyətinin stabil olduğunu və onun təhlükəsiz mühitdə fəaliyyətini davam etdirdiyini vurğulayır.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr