AZ

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Təzəkənd kəndində səyyar görüş-qəbul keçirdi » AzadMedia.az


11 mart 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Təzəkənd kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirib.

Görüşü giriş sözü ilə açan rayon rəhbəri tədbir iştirakçılarını salamlayaraq müqəddəs Ramazan ayı münasibətilə sakinləri təbrik edib, tutulan orucların və qılınan namazların Allah dərgahında qəbul olunmasını arzulayıb.

Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Təzəkənd kəndinin tarixi və inkişafı barədə məlumat verib. Bildirib ki, Təzəkənd kəndi 1928-ci ildən kənd kimi formalaşıb. Rayon rəhbəri qeyd edib ki, 1940-cı illərin əvvəllərində kənddə məktəb fəaliyyətə başlayıb və bu təhsil ocağı illər ərzində kəndin maariflənməsində mühüm rol oynayıb.

Araz Əhmədov çıxışında Təzəkənd kəndinin ölkəmizin ictimai-siyasi, elmi və mədəni həyatına töhfə verən ziyalıları, alimləri və tanınmış şəxsləri ilə seçildiyini vurğulayıb. O, kənddən çoxsaylı savadlı və nüfuzlu insanların yetişdiyini, onların müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Rayon rəhbəri, həmçinin kənddə 23 nəfər qəhrəman ananın yaşadığını, Vətən uğrunda canlarını fəda etmiş iki şəhidin olduğunu qeyd edərək onların əziz xatirəsinin daim ehtiramla yad edildiyini bildirib.

Bununla yanaşı, Təzəkənd kəndindən tibbi elmlər üzrə fəlsəfə doktorlarının, Ali Məhkəmədə fəaliyyət göstərən hakimlərin və müxtəlif sahələrdə çalışan xeyriyyəçi insanların olduğunu bildirən rayon rəhbəri bu faktların kəndin zəngin insan kapitalından xəbər verdiyini vurğulayıb.

Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı sözü İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verib.

Şöbə müdiri çıxışında bildirib ki, kəndin sosial-iqtisadi inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Belə ki, kənddaxili yolların yaxşılaşdırılması məqsədilə 1600 metr uzunluğunda kənddaxili yollara qum-çınqıl örtüyü döşənib. Həmçinin ərazidə yaşayan sakinlərin içməli su ilə təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib və yaxın gələcəkdə Təzəkənd kəndinin içməli su ilə təmin olunmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Çıxış zamanı vətəndaş müraciətlərinə operativ baxıldığını qeyd edən Famil Cəfərov bildirib ki, kənd sakini tərəfindən taxıl biçini ilə bağlı edilən müraciət nəzərə alınaraq həmin əraziyə kombayn göndərilib və biçin işlərinin həyata keçirilməsinə köməklik göstərilib.

Eyni zamanda aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına müxtəlif istiqamətlər üzrə dəstək tədbirlərinin davam etdirildiyi bildirilib. Onlara işıq, qaz və digər zəruri köməkliklərin göstərildiyi qeyd olunub.

Famil Cəfərov, həmçinin Təzəkənd kənd tam orta məktəbinin siniflərində aparılmış təmir işləri barədə məlumat verərək bildirib ki, təmir olunan 10 sinif otağı şagirdlərin istifadəsinə verilib.

Bundan başqa, kənd təsərrüfatı sahələrinin suvarma imkanlarının yaxşılaşdırılması məqsədilə 800 metr uzunluğunda su aparıcı kanalın lildən təmizləndiyi qeyd olunub.

Elektrik təsərrüfatının yenilənməsi istiqamətində də tədbirlər görülərək köhnə elektrik dirəklərinin yeniləri ilə əvəz olunduğu bildirilib.

Şöbə müdiri çıxışında sosial dəstək tədbirlərinə də toxunaraq qeyd edib ki, tələbələrə 650 manat məbləğində maddi yardım göstərilib, həmçinin 8 məktəbliyə geyim və məktəb ləvazimatları təqdim olunub.

Bununla yanaşı, kənddə ictimai fəallığın artırılması məqsədilə Ağsaqqallar evinin yaradılması ilə bağlı məlumat verilib. "Konstitusiya və Suverenlik" ili çərçivəsində isə 300 ədəd ağac əkildiyi bildirilib.

Çıxışın sonunda şəhidlərin xatirəsinə ucaldılmış bayraq və plakatların yeniləri ilə əvəz olunduğu qeyd olunub.

Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müraciət və təklifləri diqqətlə dinləyib.

Müraciət edən kənd sakini Təzəkənd kəndində mövcud olan elektrik problemi ilə bağlı görülən tədbirlərə və göstərilən diqqətə görə rayon rəhbərinə təşəkkürünü bildirib.

Daha sonra digər kənd sakini çıxış edərək kəndin əsas yolunun vəziyyəti ilə bağlı məsələyə toxunub və yolun yaxşılaşdırılması məqsədilə həmin əraziyə çınqıl örtüyünün tökülməsi ilə bağlı rayon rəhbərinə müraciət edib.

Növbəti müraciət məşğulluq məsələsi ilə bağlı olub. Kənd sakini qeyd edib ki, bu istiqamətdə etdiyi müraciətə Məşğulluq xidməti tərəfindən müsbət cavab verilib. O, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbəri cənab Araz Əhmədova təşəkkürünü ifadə edib.

Səsləndirilən digər müraciətlərdən biri isə kənddə qaz təchizatı ilə bağlı olub.

Növbəti müraciət isə ərazidə kabelləşmə işlərinin sürətləndirilməsi ilə bağlı olub. Kənd sakinləri kabelləşmə işlərinin daha qısa müddətdə həyata keçirilməsi üçün rayon rəhbərindən müvafiq köməklik göstərilməsini xahiş ediblər.

Qaldırılan digər məsələlər də rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, digərlərinin isə araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Seçilən
16
1
azadmedia.az

2Mənbələr