AZ

''Liverpul'' yenə İstanbul cəhənnəmindən əliboş döndü

Çempionlar Liqasında 1/8 finalın ilk oyunları keçirilir. İlk oyun günündə maraqlı nəticələr qeydə alındı.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm bu turnirdə tarix yazmaq istəyən ''Qalatasaray'' yenə fanatlarına mükəmməl anlar yaşatdı. ''Liverpul'' bu mövsüm ikinci dəfə İstanbul cəhənnəmindən əliboş dönməli oldu. Türkiyə çempionu liqa mərhələsində olduğu kimi yenə güclü rəqibini minimal hesabla məğlub etdi.

Mario Leminanın 7-ci dəqiqədə vurduğu qol görüşdə yeganə oldu. Karyerasında ilk dəfə ÇL-də qol sevinci yaşayan qabonlu futbolçu eyni zamanda İstanbul nəhənginin tarixində ÇL-in pley-offunda vurduğu ən erkən qolun müəllifi oldu. Sona qədər də bu qola cavab verə bilməyən ''Liverpul'' tarixində ilk dəfə bir mövsümdə eyni kluba səfərdə iki dəfə uduzmuş oldu!

Uğurcan Çakır yenə inamlı performans sərgiləyərək qapısını toxunulmaz saxladı. O, ''Beşiktaş'' və ''Liverpul''a qarşı son iki rəsmi oyunda ''çərçivə''yə gələn 13 zərbənin hamısını dəf edib.

Okan Burukun İngiltərə klublarına qarşı ev matçlarının statistikası heyrət doğurur. İndiyə qədər onun çalışdırdığı klublar ingilislərə qarşı evdə keçirdikləri 5 oyundan 4 qələbə, 1 heç-heçə ilə ayrılaraq uduzmayıblar.

''Qalatasaray'' özü isə İngiltərə klublarına qarşı son 10 ev qarşılaşmasının cəmi 1-də uduzub (6 qələbə, 3 heç-heçə).

Beləliklə, ''sarı-qırmızılar'' gələn həftə ''Enfild''dəki cavab oyununa minimal üstünlüklə çıxacaqlar.

Seçilən
44
football-plus.az

1Mənbələr