Dubay Beynəlxalq Hava Limanı ərazisinə iki PUA (pilotsuz uçuş aparatı - dron) düşüb və nəticədə dörd nəfər xəsarət alıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidməti öz "X" hesabında məlumat verib.
Məlumata görə, dörd nəfərdən iki Qana vətəndaşı və bir Banqladeş vətəndaşı yüngül, bir Hindistan vətəndaşı isə orta dərəcəli xəsarət alıb.
Hakimiyyət orqanları, həmçinin hava nəqliyyatının adi rejimdə fəaliyyət göstərdiyini qeyd ediblər.
Bildirək ki, Dubay Hava Limanında son günlərdə bölgədəki gərginlik və döyüşlər fonunda xüsusilə yüksək sərnişin axını müşahidə olunur və sosial şəbəkələrdə bununla bağlı yayılan görüntülərdə izdiham əks olunub.
https://www.instagram.com/reel/DVvY_bzyjjh/?utm_source=ig_web_copy_link
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
"Cebheinfo.az"