AZ

Ekspert: Azərbaycan Cənubi Qafqazda əsas sabitləşdirici amil kimi qəbul olunur

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 mart, AZƏRTAC

Konstruktiv beynəlxalq dialoqun təşviqində medianın rolu bu gün Cənubi Qafqaz kimi münaqişələrə yüksək həssaslıq göstərən bölgələr üçün xüsusilə aktualdır. Burada media təkcə informasiya mənbəyi deyil, həm də sülh, əməkdaşlıq və təhlükəsizlik barədə ictimai qavrayışlara təsir göstərmək üçün bir vasitə kimi xidmət edir. Münaqişədən sonrakı transformasiya və geosiyasi dəyişikliklər kontekstində medianın narrativləri qarşıdurma, yoxsa əməkdaşlıq məntiqinin üstünlük təşkil edib-etməyəcəyini müəyyən edir. Bu kontekstdə getdikcə daha çox regional sabitlik və əlaqə amili kimi qəbul edilən Azərbaycanın siyasəti xüsusilə diqqətəlayiqdir. Onun təşəbbüslərinin beynəlxalq və regional mediada işıqlandırılması ölkənin imicinin qlobal arenada necə formalaşdığını izləməyə imkan verir.

Misirli jurnalist, Yaxın Şərq və Şimali Afrika siyasəti üzrə beynəlxalq ekspert, Vaşinqton müxbiri və Səudiyyə Ərəbistanının “Əş-Şərq əl-Əvsat” qəzetinin ABŞ bürosunun rəhbəri, beynəlxalq, diplomatik və geosiyasi proseslərin analitik işıqlandırılmasında geniş təcrübəyə malik Həba əl-Qüdsi AZƏRTAC-ın suallarını cavablandırır.

- Cənubi Qafqazda medianın müsbət roluna dair nümunələr varmı?

- Bəli, Azərbaycan, Ermənistan və Gürcüstanın postsovet mirası və enerji geosiyasəti kontekstində siyasətlərini formalaşdırmağa davam etdiyi Cənubi Qafqazda media bəzi hallarda mövqelər arasında yaxınlaşmaya töhfə verib. Məsələn, Ermənistan ilə Azərbaycan arasında 2025-ci ildə ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh prosesinin işıqlandırılmasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və Naxçıvan eksklavını qlobal bazarlara bağlamağı hədəfləyən “Trump Route for International Peace and Prosperity” (TRIPP) təşəbbüsü vurğulanıb.

- Azərbaycanın beynəlxalq əməkdaşlığının hansı nümunələri mediada ən müsbət işıqlandırılıb?

- Son illərdə Azərbaycanın xarici siyasəti getdikcə enerji diplomatiyası, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və çoxtərəfli formatlarda fəal iştirakı özündə birləşdirən çoxvektorlu prinsiplər üzərində qurulub. Bu, həm milli, həm də bəzi beynəlxalq media orqanlarında müsbət kontekstdə əks olunur və burada Azərbaycan getdikcə praqmatik ortasəviyyəli dövlətin nümunəsi kimi qəbul edilir.

Xüsusilə, 2024-cü ildə COP29-a ev sahibliyi qlobal iqlim maliyyələşdirməsinin 2035-ci ilə qədər ildə 300 milyard dollara çatdırılmasını və Paris Sazişinin 6-cı maddəsinin təşviq edilməsini nəzərdə tutan Bakı İqlim Birliyi Paktının qəbul edilməsi ilə nəticələndi. “Reuters” və Azərbaycan mediasının materiallarında ölkənin klassik neft və qaz ixracatçısından potensial bərpaolunan enerji mərkəzinə çevrilməsi, o cümlədən Orta Asiya ilə yaşıl enerji dəhlizlərinin inkişaf etdirilməsi vurğulanırdı.

- Media Azərbaycan-Ermənistan sülh prosesini necə qiymətləndirib?

- ABŞ-nin vasitəçiliyi ilə 2025-ci ilin avqust ayında keçirilən və sülh müqaviləsinin və TRIPP çərçivəsinin paraflandığı Vaşinqton sammiti media tərəfindən onilliklər ərzində davam edən münaqişəyə son qoymaq üçün atılmış bir addım kimi qəbul edildi. Bu, Azərbaycanın sabitliyin memarı kimi beynəlxalq imicini əhəmiyyətli dərəcədə artırdı və “Carnegie Endowment” də daxil olmaqla, beyin mərkəzləri yeni Avrasiya ticarət marşrutlarının açılmasını qeyd etdilər.

- Azərbaycanın Türk dünyası və Avrasiya məkanında inteqrasiyada rolu necə işıqlandırılır?

- Türk Dövlətləri Təşkilatının 2025-ci il Zirvə görüşləri ticarət, rəqəmsal texnologiya və bərpaolunan enerji sahələrində genişlənən əməkdaşlıq sayəsində mediada geniş işıqlandırılıb. Xüsusilə, Günəş və külək enerjisi sahəsində Çinlə strateji tərəfdaşlığa, eləcə də Türkiyə və Özbəkistanla imzalanmış “Ankara Bəyannaməsi”nə diqqət yetirilib. Bu sənəddə Azərbaycan Avropa, Asiya və Yaxın Şərq arasında “canlı körpü” kimi təqdim olunub.

- Azərbaycan Yaxın Şərqdə hansı rola malikdir və bu, mediada necə əks olunur?

- Azərbaycan getdikcə Yaxın Şərqdə “konstruktiv realizm” prinsipinin tərəfdarı mövqeyini tutur. Buna misal olaraq, Suriyadakı gərginliyin azaldılması kontekstində Türkiyə ilə İsrail arasında vasitəçilik səylərini, eləcə də Ankaranın vasitəsilə münaqişədən sonrakı Suriyaya qaz tədarükündə iştirakı göstərmək olar. “Əl-Ərəbiyə” kimi media orqanlarında dərc olunan materiallar Azərbaycanın regional konfrontasiyanı azaltmağa qadir bir dövlət kimi rolunu vurğulayır.

- Ümumilikdə, Azərbaycanın Cənubi Qafqazda sabitliyə töhfəsi necə qiymətləndirilir?

Azərbaycan getdikcə Cənubi Qafqazda əsas sabitləşdirici amil kimi qəbul edilir. Yeni regional reallıqdan istifadə edən ölkə özünü regional əlaqəyə fəal töhfə verən dövlətə çevirir. Onun töhfəsi enerji təhlükəsizliyinə, sərhədlərdə vəziyyətin normallaşdırılmasına və şaxələndirilmiş tərəfdaşlığa əsaslanır, həmçinin qarşılıqlı faydalı regional nizam modelini formalaşdırır.

Ermənistanla 2025-ci il sülh çərçivəsi, o cümlədən TRIPP-nin infrastruktur ölçüsü iqtisadi inteqrasiya və silahlanmanın azaldılması üçün perspektivlər açır. “Quruculuq yolu ilə sülh” konsepsiyasını təşviq edən Azərbaycan, həm də Orta Dəhlizin inkişafına dair ABŞ və Aİ-nin mövqelərinə uyğun addımlar atır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
azertag.az

3Mənbələr