Bakı, 11 mart, AZƏRTAC
Premyer Liqada XXIII turun oyunları maraqlı mübarizə və bol qollarla yadda qaldı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasının XXIII turunun qarşılaşmalarını şərh edərkən deyib.
Onun sözlərinə görə, bəzi oyunların nəticəsində kubok qarşılaşmalarının təsiri özünü büruzə verib: “Sabah” – “Qəbələ” matçında (7:1) bu amil daha aydın görünürdü. Hər iki komanda bir neçə gün əvvəl kubokda ağır oyun keçirmişdi. “Sabah” rotasiya etməyə müəyyən qədər imkan tapsa da, “Qəbələ”də belə variant yox idi. Bu səbəbdən fiziki yorğunluq qonaq komandaya təsir göstərdi və nəticədə 1:7 hesablı məğlubiyyət qeydə alındı. Bununla “Sabah” çempionluğa iddialı komandalardan biri olduğunu bir daha sübut etdi”.
Mütəxəssis “Neftçi” – “Turan Tovuz” (0:1) görüşünün hər iki komanda üçün böyük əhəmiyyət daşıdığını deyib: “Matçın ilk hissəsi bərabər mübarizə şəraitində keçdi. Topa nəzarət baxımından müəyyən üstünlük “Neftçi”nin tərəfində idi. Lakin təhlükəli epizodlar o qədər də çox deyildi. İkinci hissədə isə “Turan Tovuz” oyuna daha fəal başladı və vurduğu qolla üç xal qazandı. Qolu vurduqdan sonra komanda müdafiəni daha sıx quraraq rəqibə demək olar ki, imkan vermədi. Ümumilikdə Kurban Berdiyevin komandası vacib qələbə ilə turnir cədvəlində mövqeyini möhkəmləndirdi, “Neftçi”nin isə avrokuboklar zonası uğrunda şansları xeyli azaldı”.
A.Əsədov “Zirə” – “Kəpəz” (2:2) qarşılaşmasının nəticəsini müəyyən mənada sürpriz adlandırıb: “Oyunöncəsi favorit “Zirə” sayılsa da, “Kəpəz” qələbəyə çox yaxın idi. Lakin qarşılaşmanın sonlarında “Zirə”nin təcrübəsi öz sözünü dedi və komanda hesabı bərabərləşdirərək məğlubiyyətdən qaçdı. Beləliklə, “Zirə” iki xal itirdi, “Kəpəz” isə vacib bir xal qazandı”.
“Karvan-Yevlax” – “Sumqayıt” oyunu (1:1) barədə də danışan veteran futbolçu bildirib ki, Yevlax təmsilçisi son vaxtlar istədiyi nəticələri əldə etməsə də, komandanın oyununda müəyyən irəliləyiş var: “Baş məşqçi Füzuli Məmmədov komanda daxilində artıq müəyyən sistem və struktur formalaşdırıb. Kollektiv daha nizam-intizamlı oyun nümayiş etdirir. Sadəcə problem ondadır ki, müdafiədə yaxşı çıxış etsələr də, hücumlar zamanı yaradılan qol epizodlarını dəyərləndirməkdə çətinlik çəkirlər. Bu matçda da bunu aydın şəkildə görmək mümkün idi. “Sumqayıt”da isə son turlarda müəyyən eniş hiss olunur. Həm heyətdə futbolçu qıtlığı var, həm də mövsümün əvvəlində gördüyümüz o ruh və enerji komandada əvvəlki kimi hiss olunmur. Oyunda “Sumqayıt” hesabda 1:0 önə keçmişdi və hətta ikinci qolu vuraraq matçın taleyini həll etmək imkanı da əldə etmişdi. Lakin 11 metrlik cərimə zərbəsindən yararlana bilmədilər. Sonda isə Yevlax təmsilçisinin əzmkarlığı öz sözünü dedi və komanda vacib bir xal qazanmağı bacardı”.
“Şamaxı” – “İmişli” qarşılaşmasına da toxunan 55 yaşlı keçmiş müdafiəçi görüşün qol epizodları baxımından o qədər də zəngin olmadığını, oyunun bərabər səviyyədə keçdiyini vurğulayıb: “Görüş əsasən meydanın mərkəzində gedirdi və tərəflər daha çox ikili mübarizələrə üstünlük verirdilər. Hansı komanda bu mübarizələrdə üstün olurdusa, müəyyən müddət ərzində oyunda təşəbbüsü də ələ alırdı. Sonda isə qarşılaşma məntiqi nəticə ilə başa çatdı. Heç-heçə həm oyunun gedişinə, həm də komandaların göstərdiyi performansa görə ədalətli nəticə idi”.
Arif Əsədov turun ən böyükhesablı nəticələrindən birinin qeydə alındığı “Qarabağ” – “Araz-Naxçıvan” (6:0) matçı barədə də fikirlərini bölüşüb: “Qarabağ”ın qalib gələcəyi gözlənilən idi, lakin hesabın bu qədər böyük olması müəyyən mənada gözlənilməz görünürdü. “Araz-Naxçıvan”ın heyətində kifayət qədər keyfiyyətli futbolçular var. Amma komandada hələ də sabitlik tam formalaşmayıb. Yeni baş məşqçinin oyun modelini komandaya tam uyğunlaşdırması üçün zaman lazımdır. Ağdam klubu isə artıq əvvəlki oyunların yorğunluğunu üzərindən ataraq yenidən öz gücünü göstərməyə başlayır və getdikcə çempionata daha çox köklənir”.
Qeyd edək ki, Misli Premyer Liqasına 56 xalla “Sabah” başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” isə 49 xalla ikinci pillədə qərarlaşıb.