Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yaxın Şərq yenidən dünyanın taleyini müəyyən edən geopolitik səhnəyə çevrilib.
ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar artıq regional qarşıdurma çərçivəsindən çıxaraq qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün ciddi risklər yaradır.
Bu baxımdan, müharibə ehtimalları fonunda dolların bahalaşması da müzakirə mövzusudur. Qeyd edək ki, dünən Beynəlxalq Forex bazarında dolların məzənnəsi kəskin şəkildə artaraq qısa müddətə 80 rubl psixoloji həddini keçib.
ABŞ dolları təxminən 80,43 rubl olub ki, bu da iki faizdən çox artım deməkdir. Sonuncu dəfə oxşar səviyyə 9 yanvarda müşahidə edilmişdi. Bir neçə saat sonra dollar təxminən 78,84 rubl səviyyəsində sabitləşib.
Rublun dollara nisbətən əhəmiyyətli dərəcədə zəifləməsinə baxmayaraq, bəzi ekspertlər bunu qeyri-kafi hesab edirlər. VTB-nin baş direktoru Andrey Kostin optimal məzənnə kimi ABŞ dolları üçün 90-100 rubl diapazonunu göstərib.
Maliyyə qurumunun rəhbəri izah edib ki, belə bir ssenaridə dövlət xəzinəsinə ixrac gəlirləri artacaq və büdcə artan kəsiri qismən ödəyə biləcək.
Əgər müharibə davam edərsə, dollar kəskin bahalaşa bilərmi və bunun Azərbaycan iqtisadiyyatına, xüsusilə manatın məzənnəsinə təsiri necə olacaq?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda dollara təsir edəcək yeganə məsələ inzibati tənzimləmədir:

“Bizdə dollar-manat münasibətlərində bazar iqtiadiyyatının qaydalarına uyğun “üzən məzənnə” rejimi yoxdur. Ona görə də dünya iqtisadiyyatında baş verən proseslərin manata birbaşa təsirləri yoxdur. Amma dolayı təsirləri var. Əslində neftin-qazın bahalaşması Azərbaycan manatına müsbət təsir edib.
Ən azından dayanıqlılığını, valyuta gəlirlərimizi artırır. Məzənnə dəyişikliliyi isə Azərbaycanda ancaq inzibati qərarla mümkündür ki, bu barədə yaxın zamanlarda, hətta bu il ərzində hansısa qərarın olacağını düşünmürəm”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər:
dollar Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.