AZ

Azərbaycanda günəş enerjisi potensialı yüksəkdir

Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı üçün böyük potensial mövcuddur. Xüsusilə günəş enerjisi sahəsində ölkənin imkanları kifayət qədər geniş hesab olunur.

Ekoloq, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov bildirib ki, aparılan qiymətləndirmələrə əsasən Azərbaycanda ilin təxminən 280 günü günəşli keçir. Bu xüsusilə Naxçıvan və Aran bölgələrində günəş enerjisindən geniş istifadə üçün əlverişli şərait yaradır.

QHT.az xəbər verir ki, Sadiq Həsənovun sözlərinə görə, artıq ölkədə bir sıra alternativ enerji layihələri həyata keçirilir. Qobustanda 240 meqavat gücündə günəş elektrik stansiyası istifadəyə verilib. Bundan başqa, Xızı-Abşeron ərazisində 250 meqavat gücündə külək və günəş elektrik stansiyaları fəaliyyət göstərir. Eyni zamanda Biləsuvar və Neftçala rayonlarında da günəş panellərinin quraşdırılması istiqamətində işlərə başlanılıb.

Ekspert qeyd edib ki, Xəzər dənizində külək enerjisi potensialı yüksək olsa da, bu sahədə layihələrin həyata keçirilməsi müəyyən çətinliklərlə müşayiət olunur. Onun sözlərinə görə, dənizdə investisiya xərclərinin yüksək olması və bəzi ekoloji amillər investorların marağını azalda bilər.

S.Həsənov əlavə edib ki, külək qurğularının quraşdırılması zamanı quşların miqrasiya trayektoriyasına təsir və səs-küy kimi problemlər də nəzərə alınmalıdır. Buna görə də belə qurğular əsasən xüsusi seçilmiş ərazilərdə yerləşdirilməlidir.

Ekspertin fikrincə, Azərbaycanda su ehtiyatlarının azalması səbəbindən su elektrik stansiyalarının potensialı da məhduddur. Bu baxımdan gələcəkdə ölkədə alternativ enerji istehsalının əsas hissəsinin günəş elektrik stansiyalarının hesabına artacağı gözlənilir.

Sadiq Həsənovun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər istehsal olunan enerjinin təxminən 30 faizinin yaşıl enerji mənbələrindən əldə olunmasını hədəfləyir. Bu istiqamətdə həyata keçirilən layihələr ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də töhfə verəcək.

Zəhra Ağayeva

Seçilən
65
qht.az

1Mənbələr