Azərbaycanda regional süni intellekt infrastrukturu qurulacaq.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda təşkil etdiyi ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
“Ötən ildən ədliyyə sistemində “e-Qanun” süni intellekt həlli tətbiq olunub. Hazırda elektron məhkəmə sahəsində də aktiv işlər görülür. Amma bu sadəcə deyilənlərdən bir hissəsidir. Kənd Təsərrüfatı Nazirliyində də çoxsaylı süni intellekt həllərinin olduğunu gördük. Bu, təbii ki, bizi sevindirir. Oxşar layihələr digər mərkəzi icra hakimiyyəti orqanlarında da həyata keçirilir. İstər təhsil sahəsində olsun, istər digər sahələrdə bu işlər görülür. Gördüyümüz ondan ibarətdir ki, yaxın zamanlarda həm süni intellekt alqoritmləri, həm də süni intellekt infrastrukturu inkişaf edəcəkdir”, - deyə nazir müavini əlavə edib.
"Cebheinfo.az"