AZ

Akademik: Ölkədə süni intellektin hüquqi statusu arzu olunan səviyyədə deyil

Bakı, 11 mart, AZƏRTAC

Süni intellekt artıq hər bir evə, hər bir məktəbə, insan cəmiyyətinə daxil olub. Amma onun hüquqi statusu heç də arzu olunan səviyyədə deyil, insanlara bəzən ziyan gətirir, risklər yaradır.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev martın 11-də Milli Məclisdə keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

Akademik bildirib ki, Prezident tərəfindən təsdiq olunmuş “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın müddəalarından biri də ölkəmizdə artıq formalaşan yeni rəqəmsal arxitekturanın, rəqəmsal dövlətin və onun normativ-hüquqi bazasının gücləndirilməsinə, mövcud qanunlara yenidən baxılmasına, təkmilləşdirilməsinə və ümumiyyətlə dünya təcrübəsindən çıxış edərək, digər ölkələrin təcrübəsi əsasında süni intellektlə bağlı çoxlu sayda tənzimləyici sənədlərin və qanunların qəbul edilməsinə böyük ehtiyacın olmasıdır.

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, süni intellekt normal rəqəmsal platforma ilə effektiv olur. Əgər pərakəndəlik, rəqəmsal fərqlər varsa, datalarda davranış vahid müəyyən standartlar əsasında həyata keçirilmirsə, ölkənin vahid data ekosistemi yaradılmırsa, onun rəqəmsal platforması, data platforması, data mərkəzləri, superkompüter infrastrukturu, kadr potensialı, kibertəhlükəsizliyi vahid şəkildə Azərbaycan Konstitusiyasının çətiri altında formalaşmırsa, bu bəzən fəsadlar yaradır.

Fotoqraf: Aydın Məmmədov

Seçilən
93
2
azertag.az

3Mənbələr