Dövlətlərarası əlaqələrin xalqların mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərilməlidir
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və mövcud əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Qeyd edildiyi kimi, həyata keçirilən rasional və praqmatik xarici siyasət kursu sayəsində bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı regionun hərbi-siyasi, iqtisadi, ekoloji təhlükəsizliyinin təmin olunmasına fundamental strateji töhfələr bəxş edən regional güc mərkəzi kimi dəyərləndirir. Təsadüfi deyil ki, ölkəmiz qarşılıqlı münasibətlərdə, qonşuluq əlaqələrində ləyaqətli tərəfdaşlığa, beynəlxalq hüququn prinsiplərinə və ən əsası bərabərhüquqlu əməkdaşlığa istinad edir. Azərbaycan az-az ölkələrdəndir ki, hərbi münaqişələrin sülh və danışıqları yolu ilə tənzimlənməsini arzulayır, bitərəfliyini qoruyur, sabitliyin bərpası üçün səy göstərir və təhdid, təhlükə formalaşdırmır.
Paralel olaraq Bakı hər zaman qonşularına qarşı həssas davranışları, anlayışı və səmimi prinsiplər üzərində qurulan münasibəti ilə seçilib. Bu mənada, son dövrlərdə Yaxın Şərqdə cərəyan edən proseslər də bizi narahat etməkdədir. Azərbaycan münaqişə başlanan gündən bəri prosesin dinc, danışıqlar yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. Vurğulanmalıdır ki, qonşu İran İslam Respublikası ilə münasibətlər hər zaman Bakı üçün xüsusi əhəmiyət kəsb edib. Uzun əsrlərə söykənən qonşuluq, iqtisadi-siyasi münasibətlər sistemi, dialoq mühiti bu münasibətlərin inkişaf trayektoriyasını daha da zənginləşdirir.
Pezeşkian İlham Əliyevə zəng etdi...
Qeyd edək ki, martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib. Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb. Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb. Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb. Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Biz hər zaman məsələlərin dinc, ağrısız və dialoq yolu ilə həllinin tərəfdarıyıq - Naxçıvanda baş vermiş hadisənin araşdırılacağı, düzgün qiymətləndiriləcəyi ilə bağlı Prezident Pezeşkianın fikirləri bu mənada böyük əhəmiyyət daşıyır. Bu, həm də regionun təhlükəsizliyi ilə bağlı olduqca vacib bir məqamdır. İran-Azərbaycan münasibətləri bölgənin gələcək inkişafı üçün olduqca əsaslı bir müstəvidir - münasibətlərin səmimi qonşuluq səviyyəsində inkişafı bu müstəvini daha da yüksək səviyyəyə qaldırır.
Prezident İranın yeni Ali Rəhbərini təbrik etdi...
Prezident İlham Əliyev İran İslam Respublikasının yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı Ayətullah Seyid Müctəba Hüseyni Xameneini İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, İranın Ali Rəhbəri mərhum Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı ilə əlaqədar bir daha başsağlığı verib. Məktubda Azərbaycan ilə İran arasında münasibətlərin tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlandığı bildirilib. Eyni zamanda, Azərbaycan Prezidenti dövlətlərarası əlaqələrin xalqların mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstəriləcəyinə ümidvar olduğunu qeyd edib.
İran ilə Azərbaycan arasında münasibətlərin normal qonşuluq səviyyəsində inkişafı həm də yeni yaranan iqtisadi-ticari situasiyanı daha da gücləndirən amillər sırasında qeyd olunur - Tehran ilə Bakı arasındakı yaxın qonşuluq münasibətlərinin dərinləşməsi regional inkişaf tempinə müsbət təsirlərini göstərir. Ortaq dini-mədəni köklərə, dostluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənməsi və müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün məqbuldur. Hər iki ölkə müasir dövrdə əlaqələri yeni çağırışlar əsasında formalaşdırır - xüsusilə, iqtisadi platformada iki dövlət arasında əsaslı razılaşmalar mövcuddur, bir sıra yeni layihlər həyata keçirilib və keçirilir. Nəqliyyat sahəsində reallaşdırılan birgə layihələr əməkdaşlığa əsaslı nümunə sayıla bilər - hər iki ölkə Şimal-Cənub Dəhlizi marşurutu üzrə öz səylərini birləşdirməkdə qərarlıdır. Yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcminin bir neçə dəfə artması gözlənilir ki, burada da məhz Şimal-Cənub dəhlizi üzrə daşımalardan əldə olunacaq gəlirlər də diqqəti cəlb edir.
Qonşuluq prinsiplərinə kölgə salınmamalıdır...
Regionumuz çətin bir sınaqdan keçir. Belə vəziyyətdə mümkün qədər diqqətli olmaq gərəkir - ümumi təhlükəsizlik arxitekturasının pozulmaması üçün önləmələrin alınması əsaslı bir tədbir kimi vacibdir. Bölgədə baş verən son hadisələr də bu baxımdan diqqətdə saxlanılmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bir neçə gün öncə bildirdiyi kimi, “heç kim minillik qonşuluq və qardaşlıq münasibətlərini kölgə altına sala biləcək addımlar atmamalıdır”. Türkiyənin dövlət başçısı deyib ki, “belə addımlar xalqımızın qəlbində və yaddaşında dərin yaralar aça bilər”.
Hər bir gərginlik gec-tez öz həllini tapacaq - Azərbaycan da 6 il öncə özünün suverenliyi və ərazi bütövlüyü uğrunda haqq savaşına başlamışdı. Həmin dövrdə 44 gün davam edən hərbi əməliyyatlar zamanı Bakı regional amilləri mütləq şərt kimi dəyərləndirdi, qonşuların hər hansı bir şəkildə bu məsələdən təsirlənməsinə imkan vermədi. Bu isə ilk növbədə qonşuluq münasibətlərinin ön planda yer aldığını təsdiqləyən faktordur.
Bakı verdiyi sözə sadiqdir...
İki ölkə arasında siyasi dialoqun konstruktiv formada davamlı hal alması regionun sabitliyi və əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmət, suverenliyə riayət və iqtisadi-siyasi əməkdaşlığa əsaslanan müsbət məcra İran və Azərbaycan arasında dialoqun intensivləşməsini bir neçə strateji əsas üzərində formalaşdırır:
- Qarlıqılı hörmət prinsipi - Prezident İlham Əliyevin İran səfirliyinə gedərək başsağlığı verməsi, matəm kitabına ürək sözlərini yazması bunun ən barz sübutudur;
- Regional layihələrdə koordinasiya - İran və Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi mühüm layihələrdə tərəfdaşlıq edir. Bu əməkdaşlıq regionun tranzit potensialını artırmaqla yanaşı, iqtisadi inteqrasiyanı da gücləndirir.
- Sərhədyanı əməkdaşlıq və təhlükəsizlik məsələləri - tərəflər sərhəddə sabitliyi təmin etmək və qeyri-qanuni fəaliyyətlərə qarşı birgə tədbirlər görməkdə maraqlıdır. Bu da siyasi etimadın dərinləşməsinə xidmət edir.
Beləliklə, İran ilə Azərbaycan arasında siyasi dialoqun davamlı forma alması mühüm müsbət nəticələrə yol açır - nəzərə alınmalıdır ki, qarşılıqlı anlaşma regionda hərbi və siyasi gərginliklərin qarşısını almağa imkan verir. Azərbaycan hər zaman bəyan edib ki, öz ərazisindən üçüncü ölkəyə müdaxiləyə icazə verməyəcək - Bakı verdiyi sözə sadiqdir. Əsas məsələ isə bütün tərəflərin bu dialoqu davamlı saxlaması, qarşılıqlı maraqları nəzərə alması və müsbət gündəmi qorumasıdır.
P.İSMAYILOV