AZ

İkinci neft bumu üçün yeni imkanlar

ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bp Xəzərdə neft və qaz hasilatını artırmağı hədəfləyir

Bp şirkətinin qlobal strategiyası neft və qaz hasilatının artırılmasına yönəlib. Əsas hədəflərdən biri cari ilin ortalarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında yeni qaz layının istismara verilməsidir. Şirkət bu blokdan təxminən 4 trilyon standart kubfut (112,5 milyard kubmetr) həcmində qaz hasilatı gözləyir. Bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, “Azəri-Çıraq-Günəşli” dünyada ən məhsuldar laylara malik olan dünya səviyyəli yataqdır. Laylardan neft vermə əmsalını maksimuma çatdırmaq üzrə göstəricilərimiz dünyada ən yüksək yerlərdən birini tutur. Bu, beynəlxalq şirkətlərin verdiyi hesabatlarda da əks olunub. Şirkət qaz hasilatını artırmaq üçün həm quyuların sayını ildən-ilə artırır, həm dayanmadan layları gücləndirir, həm də ən müasir və yüksəksəviyyəli texnologiyalardan istifadə olunur.

C.Kristofoli əlavə edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında karbohidrogen hasilatı üçün obyektlərin layihələndirilməsinə də start verilib. Bu yataqda hasilatın platforma tikilmədən sualtı quyularda həyata keçirilməsi nəzərdə tutulur, bu sahə boru kəmərləri vasitəsilə mövcud “Dərinsulu Günəşli” platforması ilə birləşdiriləcək. Boru kəmərlərinin tikintisi yeni texnologiya ilə - dənizdə borudüzən gəmidən istifadə edilməklə deyil, quruda həyata keçiriləcək. İlkin hesablamalara görə, “Qarabağ” yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazdır.

“Şahdəniz”ə yönələn sərmayələr artıb

Bp qaz hasilatı üçün yeni sahələrin müəyyənləşdirilməsi məqsədilə Xəzər dənizində seysmik tədqiqatları da gücləndirib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanmış əməkdaşlıq sazişinə əsasən, Xəzər hövzəsində innovativ texnologiyaların tətbiq olunduğu qabaqcıl seysmik tədqiqat həyata keçiriləcək. Yaradılacaq psevdo-3D seysmik həcm ayrı-ayrı 2D seysmik xətlərdən asılılığı azaltmaqla regional geoloji interpretasiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Bu yanaşma hövzə miqyasında 3D xəritələşdirməyə imkan verəcək, kəşfiyyat potensialının daha dərindən anlaşılmasını təmin edəcək və Xəzər hövzəsi üzrə gələcək kəşfiyyat layihələrində risklərin azaldılmasına töhfə verəcək.

Seysmik tədqiqatlardan sonra geoloji kəşfiyyat işləri aparılacaq və bu, Xəzərin hansı hissələrində yeni potensial qaz ehtiyatlarının olduğunu tapmağa imkan verəcək. İlkin ssenarilərə əsasən, geoloji kəşfiyyat baxımından ən ümidverici sahələrdən biri “Şəfəq-Asiman” blokudur. Ötən il bp SOCAR-la birgə fəaliyyət sayəsində “Şəfəq-Asiman”da ilkin tədqiqatlar aparıb və layihədən gözləntilər böyükdür. Şirkət, eyni zamanda, “Şahdəniz” layihəsi üzrə əməliyyatları sürətlə davam etdirir. Hazırda “Şahdəniz” yatağından ixrac olunan qaz Avropa regionuna yönəldilir, təkcə İtalyanın qaz tələbatının 10 faizini bu yataq ödəyir. Yataqda etibarlılıq göstəriciləri 100 faizdir və qarşıdakı illərdə bu blokda da genişmiqyaslı işlər görüləcək, əlavə investisiyalar qoyulacaq. 2025-ci ildə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 2 milyard 315 milyon dollar əməliyyat, 1 milyard 87 milyon dollar əsaslı xərclər sərf olunub. Hesabat dövründə yataqdan ümumilikdə 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib.

Bp Xəzərdəki əməliyyatlarda ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası da tətbiq edəcək. “Blue Ocean” dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya “Oceaneering International” şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsinə imkan verəcək.

SOCAR-la birgə üçüncü ölkələrdə birgə iştirak

Azərbaycan Dövlət Neft Şirkəti və bp üçüncü ölkələrdə müxtəlif layihələrdə birgə iştirak imkanlarını da nəzərdən keçirir. Cio Kristofoli bildirib ki, SOCAR-la digər regionlarda da birgə layihədə çalışmaq planları müzakirə olunur. Özbəkistanın Üstyurt bölgəsində birgə fəaliyyət imkanları nəzərdə tutulur. 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və “Özbəkneftqaz” Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişi imzalayıb ki, bu, SOCAR geoloji kəşfiyyat işləri aparması üçün operator statusunu müəyyən edir. Proqnozlara görə, “Üstyurt” bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihə işə salındıqdan sonra Üstyurt yaylasında ildə 5 milyon ton neft hasil etmək imkanının yaranacağı güman edilir. Layihəyə ümumi investisiya 2 milyard dolları qiymətləndirilir. Bp bu layihəni yaxın tərəfdaşlığın strateji platformalarından biri kimi görür. 

“Yaşıl enerji” sahəsində ortaq təşəbbüslər

Bp Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR Green” şirkəti ilə “yaşıl enerji” sahəsində də sıx əməkdaşlıq edir. Ötən həftə bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə əməkdaşlığın istiqamətləri müzakirə olunub və birgə layihələrin səmərəliliyinin artırılması, iş proseslərinin qlobal sənaye standartlarına uyğun təkmilləşdirilməsi, neft-qaz əməliyyatlarında karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin yüksəldilməsi barədə razılıq əldə olunub. “SOCAR Green” nin direktoru Elmir Musayevin sözlərinə görə, hazırda şirkət tərəfdaşlarla birlikdə bərpaolunan enerji sahəsində yeddi irimiqyaslı layihə həyata keçirir ki, burada əsas partnyor kimi bp xüsusi yer tutur. İngilis şirkəti ilə Cəbrayılda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikintisi icra olunur. Layihə azad edilmiş ərazidə yerləşir və eyni zamanda neft-qaz infrastrukturunun, xüsusən də neft-qaz terminalının dekarbonizasiyasına töhfə verəcək.

Beləliklə, Bp-nin yeni kəşfiyyat və hasilat planları Azərbaycanda neft və qaz yataqlarının istismar coğrafiyasının genişlənməsi və karbohirogen istehsalının artmasına imkan verəcək. Nəticədə, Azərbaycanın planlaşdırdığı ikinci neft bumu strategiyasının reallaşması sayəsində ölkəmizin qlobal enerji təchizatçısı kimi uzunmüddətli mövqeyi daha da möhkəmlənmiş olacaq.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
yeniazerbaycan.com

2Mənbələr