AZ

Orxan Saffarinin hekayələrinə analitik baxış Uraqan Abdullayev

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Əvvəla onu deyim ki, tənqidlərimi Orxanın özünə bildirdim, bu yazı isə tənqid yox, analiz üçün yazılıb. Hekayələrin analizinə keçməzdən öncə Orxanın özünə bildirdiyim tənqidlərin bir neçəsini sizlərlə bölüşüm.

Düşünürəm ki, Saffari bu kitabda potensialını tam ortaya qoya bilməyib. Buna baxmayaraq, potensialına aid lazım olan qığılcımlar hiss olunurdu. Bir neçə hekayəsini mükəmməl saymaq olar, amma ümumilikdə hekayələrin çoxunda boşluqlar hiss olunurdu. Ümumilikdə desəniz ki, kitabının ən müsbət cəhəti nədir? Çox axıcıdır və təsvirlər zamanı adamı yormur. Lazım olan yerdə lazım olan qədərini təsvir etmək bacarığı müəllifin qabında nəsə var dedirdib. Amma rus sözlərini lazım oldu-olmadı soxuşdurub bəzi hekayələrə. Həmin o bəzi hekayələrdə küçə dili ilə danışarkən rusca sözlər tuturdu, amma hərdən də “obşak”, “uje”, “tasofka”, “parkovka” tipli bu sözlər adamda ikrah hissi oyadırdı. Başqa bir adamı yoran məsələ var idisə, o da söyüşləri yerli yersiz istifadə etməyə çalışması idi. Yəni dilimizdə bu sözlərin qarşılığı varsa niyə işlədəsən ki? “Tak toje” də obrazın yox, müəllifin “slovarında” olan “istoriyalarda” olması “nujeli?” Sualını verdirtdirirdi.

Başlayaq mənim üçün fərqli saydığım hekayələri analiz etməyə.

“Kimsəsizlər Qəbiristanlığı”

Kitabın ən güclü iki hekayəsindən biri idi. Hekayənin ən güclü tərəfi “O, ilk dəfə idi tək yatırdı” cümləsinin keçirdiyi transformasiyadır.

Hekayənin əvvəlində Jurnalist (Orxan) bu cümləni sadəcə oxucu cəlb etmək, bir az da rəhmsiz və soyuq bir peşəkarlıqla reportajına “pafoslu” bir başlıq kimi düşünür. Bu, öldürülmüş bir fahişəyə qarşı kinayəli, bəlkə də bir az mühakiməedici bir yanaşmadır. Hekayənin əvvəlində həm obraz həm də oxucu elə düşünür ki, o tək yatırdı cümləsində dünyasını dəyişmiş insanlar nəzərdə tutulur. Amma hekayə irəlilədikcə obrazın daxili dünyası və yaşantısı mükəmməl formada açılır.

Hekayənin sonunda oxucu Eminin anasını qətlə yetirdiyini öyrənir. Eminin nömrələnmiş qara taxtanın (anasının məzarının) önündə diz çöküb hönkürdüyü səhnədən sonra, o eyni cümlə yenidən təkrarlanır. Lakin bu dəfə heç bir kinayə və ya pafos yoxdur. O cümlə artıq dəhşətli bir faciənin, bir insanın peşmançılığının və kimsəsizliyin ən çılpaq ifadəsinə çevrilir. Eyni cümlənin fərqli kontekstlərdə fərqli emosiyalar verməsi ustalıq tələb edən bir gedişdir.

Xarakterin qat-qat açılışı:

Daha öncə də dediyim kimi, Emin obrazı oxucuya birdən-birə təqdim edilmir. Onun kimliyi və hekayəsi qat-qat açılır.

Birinci qat şübhə qatıdır.

Qəbiristanlıqda gəzən şübhəli şəxs. Jurnalist onun narkotik (“mal vurmağa”) üçün yer axtardığını düşünür.

İkinci qat çərhəmət qatıdır.

Məlum olur ki, bu, onun uşaqlıq dostudur. 10 il həbsdə yatıb, kimsəsi yoxdur, zirzəmidə qalır. Oxucuda ona qarşı mərhəmət yaranır.

Üçüncü qat şok və dəhşət qatıdır.

Axtarış motorundakı xəbər başlıqları vasitəsilə Eminin cinayəti – öz anasını (fahişəliklə məşğul olan qadını) öldürməsi ortaya çıxır.

Dördüncü qat katarsisdir. Qatil oğulun peşmançılığı. Bütün cəmiyyətin “əxlaqsız”, “fahişə” adlandırdığı anasının kimsəsiz, nömrəli məzarı başında diz çöküb ağlayan adam. Qatil olsa da, onun da daxilindəki insanı və böyük travmanı görürük.

Hekayədəki dil olduqca canlı və inandırıcıdır. Dialoqlar süni, ədəbi pafosla yüklənməyib.

“Mal vurursan?”, “Sən öl yox!”, “bomj”, “brat” kimi küçə və məişət jarqonları mühitin reallığını (qaranlıq, dibə vurmuş həyatları) olduğu kimi oxucuya çatdırır. Yuxarıda rus sözləri adamın ürəyini vurur desəm də, bu hekayədə tam oturur.

Eminin jurnalistdən safcasına “saytlardan o xəbərləri silə bilərsən?” deyə soruşması onun həm hüquqi, həm də texnoloji cəhətdən necə məlumatsız və çarəsiz olduğunu göstərir.

“Mənim erməni qonşum” hekayəsi.

Hekayə çox həssas bir mövzuya toxunur. Müharibə dövründə düşmən millətdən olan bir insanın taleyi. Adətən ədəbiyyatda bu mövzu ya kəskin nifrət üzərində qurulur, ya da ümumiyyətlə işlənmir. Bu hekayə isə fərqli yol seçir. Oxucunu rahat hiss etdiyi mövqedən çıxarıb çətin bir sualla üz-üzə qoyur: insan kimdir – millətinə görəmi, yoxsa əməlinə görə sayılıb seçilməlidir?

Hekayədə qəsəbədə insanların davranışı çox real təsvir olunur. Müharibə başlayanda hamı birdən dəyişir. İllərlə eyni məhəllədə yaşayan, bir-birinin xeyir-şərinə gedən insanlar birdən Səkinə xaladan uzaqlaşırlar.

Bu, çox incə müşahidədir. Müəllif göstərir ki, kütlə çox vaxt vicdanla yox, qorxu və emosiyalarla hərəkət edir.

Nəyə görə güclü hekayədir? Bir tərəfdə Səkinə xala təhqir olunur, uşaqlar onun evinə daş atır, insanlar ondan qaçır, digər tərəfdə isə finalda məlum olur ki, Səkinə xala yeganə adamdır, müharibədən əlil qayıdan Əjdəri unutmur və ona kömək edir.

Bu kontrast oxucunun içində çox güclü bir təsir yaradır. Yalnız Səkinə xala onun yanında qalır. Bu sonluq oxucuya çox sadə, amma çox ağır bir həqiqəti göstərir. Bəzən ən çox nifrət edilən insan ən çox mərhəmət göstərən insan olur.

Saffari heç yerdə açıq şəkildə “insanlıq budur” demir. Heç bir yerdə ağıl vermir öz oxucusuna. Sadəcə hadisələri göstərir. Oxucu isə nəticəni özü çıxarır. Bu isə yaxşı ədəbiyyatın ən vacib xüsusiyyətlərindən biridir.

Qısa desək, hekayə güclüdür, çünki cəsarətli mövzu seçib, kütlə psixologiyasını real göstərib, güclü kontrast qurub, axıcılıq yaxşı. Təsvirlər isə normasındadır. Hekayə həm də kitabdakı “Əjdər” hekayəsi ilə əlaqələndirilib.

“Gilas Mürəbbəsi” – kitabın bitiş hekayəsi.

Əsərin mərkəzində vaxtilə vəzifə sahibi olmuş, lakin indi iflic vəziyyətində yatağa məhkum olan Şamil dayanır. Onun əsas faciəsi təkcə fiziki hərəkətsizliyi deyil, həm də keçmiş qüdrətini itirməsinin verdiyi psixoloji sarsıntıdır. Vaxtilə ətrafında “quyruq bulayan” insanların heç birinin indi qapısını açmaması onun təkliyini və çarəsizliyini daha da dərinləşdirir.

Şamil bu acizliyini qəbul edə bilmir və bütün daxili nifrətini, şübhələrini ən yaxınındakı iki şəxsə – ona fədakarcasına qulluq edən həyat yoldaşı Fatiməyə və tez-tez onlara baş çəkən qonşuları Fəridə yönəldir.

Bu əsəri ona görə sevdim ki, bu əsərdə simvolika çox gözəl formada göstərilmişdi.

Açılmayan banka: – Hekayənin əvvəlində Fatimənin mürəbbə bankasını aça bilməməsi və Şamilin buna sadəcə baxıb acizlik çəkməsi, Şamilin tükənmiş fiziki və maskulen (kişi) gücünün simvoludur. Evdə qadının fiziki gücə ehtiyacı var, amma kişi ona kömək edə bilmir.

Gilas boyda yaş: Şamilin gözündən düşən yaşın gilasla müqayisə edilməsi onun acısının birbaşa o açılmayan banka və öz acizliyi ilə bağlı olduğunu göstərir. Hekayənin ən təsirli və ustalıqla yazılmış hissəsi sonluğudur. Fatimə Şamilə çay və gilas mürəbbəsi verir. Bu zaman Şamil ağlayır və beynində bir sual yaranır: “O, bankanı necə açmışdı?”

Bu sual hekayənin kulminasiyasıdır. Fatimə bankanı aça bilməmişdi, Şamilin isə gücü yox idi. Məlum olur ki, içəridə olan Fərid o bankanı açıb. Bu detalın arxasında yatan psixoloji zərbə budur:

Şamil üçün məsələ xəyanətin fiziki olub-olmaması deyil. Məsələ odur ki, Fərid artıq bu evin kişisidir. Fatimənin aça bilmədiyi düyünləri Fərid açır. Şamilin edə bilmədiyini Fərid edir. Bu kiçik mürəbbə bankası, Şamilin tamamilə lüzumsuz, əvəz edilə bilən və sıradan çıxmış biri olduğunun acı sübutuna çevrilir. Bilmirəm niyə, amma bu hekayəni oxuyanda ağlıma Stiven Houkinq gəldi.

“Şıkı Həsən”

Kitabın ən uğursuz hekayəsi. Mən bir yazıçı ilə mərcə duraraq yazılan hekayələri çox sevirəm. Amma əminliklə deyə bilərəm ki, Orxan bu ideyaya ya ciddi baxmayıb, isti yanaşmayıb. Buna görə də bu hekayədə uduzub. Orxanla danışarkən bunu özü də etiraf etdi. Mətn ideyadan yox, tapşırıqdan doğur. Hekayənin əvvəlində müəllif açıq deyir ki, dostlarla qərara gəlib Bakının küçələri haqqında hekayə yazsın. Bu isə bədii mətni zəiflədir. Yaxşı hekayə daxili ehtiyacdan yaranır, burada isə ideya yox, sadəcə tapşırıq var.

Hekayədə real hadisə xətti formalaşmır. Mətn daha çox müşahidələr toplusudur: dilənçilər, küçə adamları, polis, yazıçı dostu, Həsən dayı. Amma bunların arasında inkişaf edən konflikt yoxdur. Oxucu hadisənin başlanmasını gözləyir, lakin o hadisə baş vermir.

Başlıq “Şıkı Həsən” olsa da, hekayənin böyük hissəsi Həsən haqqında deyil. Bu da göstərir ki, müəllif mövzunu sona qədər inkişaf etdirə bilməyib və çıxılmaz vəziyyətdə mətni müşahidələrlə doldurub.

Müəllif hekayə yazmaq prosesinin özünü hekayəyə çevirməyə çalışır. Bu ədəbiyyatda işlənən texnikadır. Lakin burada həmin üsulun içində güclü fikir formalaşmır. Oxucu maraqlı dönüş gözləyir, amma o dönüş baş vermir.

Obrazlar da səthi qalır. “Akula”, şamaxılı qadın və Həsən dayı maraqlı potensiala malikdir, lakin müəllif onları cəmi bir neçə cümlə ilə keçir və açmır.

Hekayənin emosional mərkəzi də yoxdur. Yaxşı hekayədə ya dramatik hadisə, ya güclü fikir, ya da psixoloji dəyişmə olur. Bu mətndə isə belə bir ağırlıq nöqtəsi formalaşmır.

Məsələ istedadsızlıq deyil. Müəllifin dili və müşahidə qabiliyyəti yaxşıdır. Sadəcə mətnin arxasında daxili ehtiyac hiss olunmur.

Uzun bir qeydlə Orxan Saffarinin 20-ci sahə kitabını analiz etdim. Bu tənqiddən çox bir analiz idi. Yazını yekunlaşdırarkən, gəlin tez-tez qarışdırılan bu iki anlayış – tənqid və analiz arasındakı fərqi dəqiqləşdirək.

Tənqid (mətnin əvvəlində Orxanın özünə də dediyimi qeyd etdiyim hissə) daha çox qiymətləndirməyə əsaslanır. Tənqidçi əsəri oxuyur və öz zövqünə, ədəbi meyarlarına dayanaraq “bu yaxşıdır”, “bu pisdir”, “bura uğursuzdur”, “rus sözləri yersizdir” kimi hökmlər verir. Tənqid subyektiv rəyə və “son nəticəyə” fokuslanır.

Analiz isə (hekayələr üzrə apardığım araşdırma) əsərin “skan edilməsi”dir. Burada məqsəd hökm vermək yox, əsərin necə qurulduğunu, mexanizmini anlamaq və göstərməkdir. Analiz zamanı biz “Kimsəsizlər Qəbiristanlığı”ndakı o tək cümlənin necə transformasiya olunduğunu, “Gilas Mürəbbəsi”ndəki bankanın hansı simvolik mənanı daşıdığını, obrazın xarakterinin hansı qatlarla açıldığını araşdırırıq. Analiz “Nə üçün müəllif belə edib?” və “Bu necə işləyir?” suallarına cavab axtarır.

Uraqan Emin Abdullayev

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
icma.az

1Mənbələr