Martın 10-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində nazirliyin nəzdində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert komissiyasının üzvləri ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında mədəniyyətin müxtəlif sahələri kimi, təsviri və dekorativ-tətbiqi sənətin də inkişafı ilə bağlı müddəaların öz əksini tapdığını diqqətə çatdırıb. Qeyd olunub ki, sənəddə müasir təsviri və dekorativ-tətbiqi sənətin inkişafı, sərbəst bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, beynəlxalq aləmə inteqrasiya və milli mədəniyyət nailiyyətlərinin təbliği məqsədilə qarşıya yeni vəzifələr qoyulub.