ABŞ prezidenti İrandan Hörmüz boğazında yerləşdirdiyi minaların dərhal zərərsizləşdirilməsini tələb edib, əks halda “indiyədək görünməmiş hərbi nəticələr” olacağını bildirib...
Poliqon xəbər verir ki, bu barədə beynəlxalq media Donald Trampın açıqlamasına istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ prezidenti İranın Hörmüz boğazında mina yerləşdirməsi ilə bağlı iddialara sərt reaksiya verərək Tehrandan həmin minaların dərhal zərərsizləşdirilməsini tələb edib.
Donald Tramp bildirib ki, əgər İran bu strateji dəniz keçidində hər hansı mina yerləşdiribsə, Vaşinqton onların dərhal zərərsizləşdirilməsini tələb edir. Onun sözlərinə görə, əgər minalar quraşdırılıbsa və bu təhlükə operativ şəkildə aradan qaldırılmasa, İran üçün hərbi nəticələr “indiyədək görünməmiş səviyyədə” olacaq.
“Əgər İran Hörmüz boğazında hər hansı mina yerləşdiribsə, biz onların dərhal zərərsizləşdirilməsini tələb edirik. Əgər hər hansı səbəbdən minalar yerləşdirilibsə və dərhal zərərsizləşdirilməzsə, İran üçün hərbi nəticələr misli görünməmiş olacaq. Digər tərəfdən, əgər onlar yerləşdirilmiş ola biləcək minaları zərərsizləşdirsələr, bu düzgün istiqamətdə böyük addım olacaq”, deyə Tramp bildirib.
ABŞ prezidenti vurğulayıb ki, Hörmüz boğazının təhlükəsizliyi təkcə region üçün deyil, həm də qlobal enerji bazarları üçün həyati əhəmiyyət daşıyır. Bu boğaz vasitəsilə dünya neft ticarətinin mühüm hissəsi daşınır və burada hər hansı hərbi eskalasiya beynəlxalq ticarət marşrutlarına ciddi təsir göstərə bilər.
Ekspertlər qeyd edirlər ki, Hörmüz boğazında təhlükəsizliklə bağlı hər hansı insident qlobal enerji qiymətlərində kəskin dalğalanmaya səbəb ola bilər. Bu səbəbdən ABŞ və müttəfiqləri regiondakı dəniz marşrutlarının təhlükəsizliyini strateji prioritet hesab edir.
Poliqon.info