ABŞ-İran qarşıdurmasının fonunda Yaxın Şərqdə ortaya çıxan yeni hərbi reallıq diqqət çəkir. Milyardlarla dollar vəsait hesabına ən müasir hava hücumundan müdafiə sistemləri quran Körfəz ölkələri ucuz başa gələn dronların hücumları qarşısında çətinliklə üzləşib. Bu vəziyyət isə gözlənilməz bir istiqaməti gündəmə gətirib - dron hücumlarına qarşı effektiv və nisbətən ucuz texnologiyalar sahəsində təcrübə toplamış Ukraynaya müraciətlər artıb. Maraqlıdır ki, uzun müddət Rusiya dronlarının hədəfinə çevrilən Ukrayna bu təcrübə sayəsində anti-dron texnologiyalarının hazırlanması və ixracı sahəsində yeni mərkəzə çevrilmək iddiasındadır. Mövzu ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, texnologiya eksperti Osman Gündüz diqqətçəkən fikirlərini açıqlayıb.
Musavat.com xəbər verir ki, Osman Gündüz deyib ki, müdafiəyə milyardlar xərcləyən ərəb ölkələri anti-dron texnologiyası üçün Ukraynaya müraciət edib.
“ABŞ-İran müharibəsinin ortaya çıxardığı maraqlı reallıqlardan biri də budur. Hətta ABŞ da belə bir təkliflə Ukraynaya müraciət edib. Uzun illər öz hava məkanını qorumaq üçün milyonlarla, hətta milyardlarla dollar investisiya yatıran ərəb ölkələri bir anda çətin vəziyyətlə üzləşdilər. Məlum oldu ki, bahalı və klassik hava hücumundan müdafiə texnologiyaları bəzi hallarda qarşıya qoyulan vəzifələri tam yerinə yetirə bilmir. Həm də on min dollarlıq dronu məhv etmək üçün milyonlarla dollarlıq “Patriot”ları xərcləmək lazım gəlir”.
Ukrayna buna hazırdırmı?
Osman Gündüzün suala cavabı belədir: “Birmənalı olaraq bəli. Ukrayna anti-dron ekosistemini qura bilib. Uzun müddət Rusiya tərəfindən minlərlə “Shahed” hücumuna məruz qalan Ukrayna məcbur oldu ki, bahalı raketlərlə deyil, daha ucuz və kütləvi texnologiyalarla cavab versin. Bunun üçün Ukrayna xeyli öncədən, startaplara, biznes sektora, təhsil və elm sektoruna müraciət etmişdi. Onlar üçün münbit şərait yaratmışdı. Elmi tədqiqat institutları və universitetlər bu prosesə aktiv şəkildə cəlb olunub.
Hazırda Ukraynada Defence Tech sahəsində 2000-dən çox startap fəaliyyət göstərir. Artıq bu sahədə böyük və dinamik bir “Defence Tech” ekosistemi yaranıb. Yeni hərbi texnologiyalar qısa müddətdə hazırlanır və real döyüş şəraitində sınaqdan keçirilir. Ukrayna yalnız ölkə daxilində deyil, Böyük Britaniya, Almaniya və digər Avropa ölkələrində də öz hərbi texnologiyalarının istehsalını təşkil etməyə başlayıb. Hazırda dünyanın müxtəlif ölkələrindən dron və hərbi texnologiya şirkətləri ərazisində müharibə gedən Ukraynada ofislər açır, məhsullarını real döyüş şəraitində test edir və inkişaf etdirirlər. Hətta belə bir fikir də formalaşıb ki, əgər hansısa hərbi texnologiya startapının Ukraynada ofisi yoxdursa, demək olar ki, o hələ real bazara daxil olmayıb. Son illərdə isə Ukrayna rəhbərliyi bu hərbi texnologiyaların yerli tələbatdan xeyli artıq olmasını nəzərə alaraq eksportuna icazə verib. Ukrayna uzun müzakirələrdən sonra ötən ilin sonundan etibarən hərbi texnologiyaların ixracı ilə bağlı yeni qanunvericilik də qəbul edib. Bir neçə gün əvvəl Kiyev Aviasiya İnstitutunun tələbələrilə görüşdə Prezident Volodimir Zelenski dron ixracından ildə 2 milyard dollar gəlir əldə etməyi hədəflədiklərini açıqlayıb. Yəni görünən odur ki, dünənədək “Shahed” dronlarıyla vuruşan Ukrayna bu gün həmin dronlara qarşı hərbi texnologiya və təcrübə ixrac edən mərkəzə çevrilib”.
E.Məmmədəliyev,
Musavat.com