AZ

Rusiya: sahibkarların 1\3-ü biznesini bağlamağı düşünür

Rusiyada bizneslərini bağlamağı düşünən sahibkarların payı bir il əvvəlkindən səkkiz faiz artımla 31%-ə yüksəlib.

Musavat.com xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatlar İctimai Rəy Fondu (FOM) və Ali İqtisadiyyat Məktəbinin (HSE) 2026-cı ilin birinci rübü üçün biznes gözləntilərini qiymətləndirən araşdırmasında göstərilib.

Sorğu həmçinin pessimist proqnozların artdığını da aşkar edib: sahibkarların 52%-i şirkətlərinin vəziyyətinin 2026-cı ilin ilk üç ayında pisləşəcəyinə inanır. Bu səviyyə Rusiyanın Ukraynaya hücumundan sonra, 2022-ci ilin əvvəlindəkindən daha yüksək olub.

Optimistlər xeyli azdır: respondentlərin 12%-i 2026-cı ilin birinci rübündə vəziyyətin yaxşılaşacağını gözləyir. Araşdırmaya görə, bu cür cavabların payı əvvəllər 20%-dən aşağı düşməyib.

Müəlliflər pisləşən əhval-ruhiyyəni zəif maliyyə nəticələri ilə əlaqələndirirlər. Beləliklə, sahibkarların 39%-i 2025-ci ilin dördüncü rübündə gəlirlərinin əvvəlki rüblə müqayisədə aşağı olduğunu bildirib. Respondentlərin 29%-i üçün ilin sonunda gəlir birbaşa xərcləri ödəmək üçün kifayət deyildi.

Bundan əlavə, tələbin azaldığını bildirənlərin nisbəti 2025-ci ilin sonunda səkkiz faiz bəndi artıb: sorğu iştirakçılarının 42%-i tələbin azaldığını bildirib.

Rusiyalı iqtisadçılar və sosioloqlar bizneslərini bağlamaq istəyən sahibkarların müvafiq ovqatlarını Rusiya-Ukrayna müharibəsinə, beynəlxalq sanksiyaların mənfi təsirlərinə bağlasalar da, buna təsir edən bir amil də var. Bu, Rusiyada miqrantlara münasibətin kəskin dəyişməsidir. Artıq heç kəsə sirr deyil ki, Rusiyada on minlərlə miqrant-sahibkar RF-də vəziyyətin pisləşməsi, pul qazanmağın çətinləşməsi səbəbindən bizneslərini bağlayaraq, öz ölkələrinə qayıdıblar və bu tendensiya davam edir.

Musavat.com

Seçilən
97
musavat.com

1Mənbələr