AZ

Rus dili doktoranturaya qəbul prosesinə niyə daxil edilmir? - AMEA-dan AÇIQLAMA

Azərbaycanda ali təhsilin doktorantura pilləsinə qəbul üçmərhələli imtahanla aparılır. Xarici dil, fəlsəfə və ixtisas biliklərinin yoxlanılması verilən ardıcıllıqla həyata keçirilir. Xarici dil kimi müəyyən edilmiş dillər ingilis, alman və fransız dilləridir. Sözügedən dillərin yalnız birindən imtahan verilir və bu, namizədin seçimindən asılıdır.

Doktoranturaya sənəd verən magistrantlar tərəfindən imtahan üçün standart dil kataloquna görə narazılıqlar olur. Təkliflər müəyyən başqa xarici dillərin siyahıya əlavə olunması ilə bağlıdır.

Far.Az modern.az-a istinadla xəbər verir ki, imtahan proqramına digər beynəlxalq dillərin daxil edilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasından açıqlama verilib.

Qurumdan bildirilib ki, ölkədə doktoranturaya qəbul prosesində yalnız ingilis, alman və fransız dillərinin xarici dil kimi qəbul edilməsi məqsədəuyğundur:

"Bu qərarın məqsədi elmi kadrların beynəlxalq standartlara uyğun yetişdirilməsini təmin etməkdir. Həmin üç dil UNESCO tərəfindən qəbul olunub və dünyanın elmi potensialı olan ən çox inkişaf etmiş dillər hesab edilir".

Rus dilinin qəbula xarici dil kimi salınmaması məsələsinə aydınlıq gətirən qurum rəsmisi bildirib ki, hazırda postsovet məkanında, o cümlədən Azərbaycanda rus dilini bilən kifayət qədər çox sayda insan var:

"Əgər rus dili xarici dil kimi qəbul prosesinə daxil olsa, kütləvi müraciət yaranar və qəbuldan sonra müəyyən mənfi nəticələr olar. Bu isə elmi kadrların hazırlanmasında ciddi əngəl törədə bilər".

Qeyd edək ki, Prezidentin 2022-ci il 28 iyul tarixli Sərəncamı ilə ölkədə elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi funksiyası Azərbaycan Milli Elmlər Akademiyasından alınaraq Elm və Təhsil Nazirliyinə verilib. Bununla belə, 2023-cü il 3 noyabr tarixi ilə təsdiq edilmiş nizamnamədə AMEA-nın elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində birbaşa deyil, bilavasitə iştirak edə biləcəyi göstərilir.

Elm və Təhsil Nazirliyi isə yaxın gələcəkdə doktoranturaya qəbul prosesində və digər əlaqəli məsələlərdə əməli addımlar atacağını bildirib.

Seçilən
25
3
far.az

4Mənbələr