AZ

Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə rekord sayda müraciət daxil olub

İstanbul, 10 mart, AZƏRTAC

Türkiyə dünyanın ən böyük kosmik tədbiri olan 77-ci Beynəlxalq Astronavtika Konqresinə oktyabrın 5–dən 9-dək Antalyada ev sahibliyi edəcəyik. Ölkəmizdə keçiriləcək konqres üçün elmi işlər üzrə müraciətlərin sayı bu il rekord həddə çatıb. Türkiyə kosmik tədqiqatlar sahəsində sürətlə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

Nazir bildirib ki, rəhbərlik etdiyi qurumun koordinasiyası ilə, Türkiyə Kosmos Agentliyinin (TUA) ev sahibliyi və SAHA İstanbulun həmtəşkilatçılığı ilə aparılan strateji işlər nəticəsində Türkiyə elmi hazırlıq mərhələsində konqres tarixində yer alacaq bir uğura imza atıb.

“Belə ki, Türkiyə müraciətlərinin sayına görə dünya ölkələrini geridə qoyaraq birinci yerə yüksəlib. Beynəlxalq Astronavtika Federasiyası (IAF) tərəfindən açıqlanan rəsmi məlumatlara əsasən, konqresə 108 ölkədən 8320 elmi işin xülasəsi təqdim olunub. Beləliklə, Türkiyə konqresin 77 illik tarixində bu sayda müraciətə çatan ilk ölkə olub.

Bundan əlavə, Türkiyədən təqdim olunan 1810 müraciət indiyə qədər tək bir ölkədən edilən ən yüksək iştirak göstəricisi kimi qeydə alınıb. Beləliklə, Türkiyə həm elmi məqalə xülasələrinin ümumi sayı, həm də bir ölkədən edilən ən yüksək müraciət sayına görə iki ayrı rekord qırıb. Bu rekord daha əvvəl 2024-cü ildə təxminən 7 min müraciət alan İtaliyaya məxsus idi”, - deyə nazir əlavə edib.

Konqres çərçivəsində təqdim edilən bildiriş müraciətləri iştirakçıların təqdim edəcəkləri elmi işlərin xülasələrini və qısa izahlarını ehtiva edir. Bu elmi işlərin konqresin kosmos sahəsinə verəcəyi töhfələrdə mühüm rol oynaması gözlənilir.

“Dünyanın daha çox kosmosa ehtiyacı var” (“The World Needs More Space”) mövzusu ilə keçiriləcək 77-ci Beynəlxalq Kosmos Konqresi qlobal kosmos ekosisteminin aparıcı nümayəndələrini, astronavtları bir məkana toplayan strateji diplomatiya platforması kimi də çıxış edəcək.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

Seçilən
34
1
azertag.az

2Mənbələr