AZ

İranla bağlı gözlənilən olmadı Regionda diqqət çəkən səssizlik

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaxın Şərqdə gərginlik artsa da, ərəb ölkələrinin İrana qarşı birbaşa hərbi əməliyyata qoşulmaması diqqət çəkir. Bu mövqenin əsas səbəblərindən biri kimi isə onların ABŞ-a tam güvənmədiyi göstərilir. İddialara görə, Vaşinqtonun məqsədi Körfəz ölkələrini İranla müharibəyə cəlb etmək, daha sonra isə onları Tehranla üz-üzə qoyaraq geri çəkilməkdir.

Ərəb ölkələrinin İrana qarşı hücuma başlamamasının səbəbləri nə ola bilər?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-ın iddia olunan formada niyyətinin olması inandırıcı görünmür:

“Çünki Körfəz ölkələri hərbi baxımdan o qədər də güclü deyil və onların təhlükəsizliyi böyük ölçüdə ABŞ-dan asılıdır. Bu ölkələr indiyədək məhz Vaşinqtonun təhlükəsizlik zəmanətinə güvənərək regionda fəaliyyət göstəriblər. Digər tərəfdən, bu dövlətlərin zəifləməsi və ya infrastrukturunun dağıdılması ABŞ üçün sərfəli deyil. Çünki Vaşinqtonun həmin ölkələrdə geniş iqtisadi və enerji layihələri mövcuddur. Xüsusilə enerji infrastrukturunun zərər görməsi ABŞ-ın regional maraqlarına ciddi zərbə vura bilər. Bundan əlavə, ABŞ-ın əsas rəqiblərindən biri olan Çin son illər regionda təsirini xeyli artırıb. Əgər Körfəz ölkələrinin ABŞ-a olan etimadı zəifləsə, ərəb monarxiyaları Pekinlə daha sıx əməkdaşlığa yönələ bilər ki, bu da Vaşinqtonun maraqlarına uyğun deyil”.

Zeynal Əmrəliyev

Politoloq bildirib ki, burada ABŞ və region ölkələrinin müəyyən səhvləri də diqqət çəkir:

“Xüsusilə silahlanma və müdafiə məsələlərində yaranan boşluqlar müəyyən suallar doğurur. Bu vəziyyət qismən Tramp administrasiyasının siyasəti ilə də bağlı ola bilər. Belə ki, təhlükəsizlik risklərinin artması gələcəkdə region ölkələrinin ABŞ-dan daha çox silah almasına gətirib çıxara bilər. Müharibədən sonrakı dövrdə Körfəz ölkələrinin öz təhlükəsizliyini gücləndirmək üçün ABŞ silahlarına daha çox müraciət etməsi ehtimalı yüksəkdir. Bu isə milyardlarla dollarlıq silah müqavilələrinin imzalanması deməkdir. Vaşinqtonun regionda təhlükəsizlik risklərinin artmasından qismən silah satışlarını genişləndirmək üçün istifadə etməsi mümkündür”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
globalinfo.az

1Mənbələr