“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri yaşayış binasından dron uçurduğuna görə qalmaqalın mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
29 yaşlı futbolçu Mançester yaxınlığındakı Salford şəhərində yerləşən çoxmərtəbəli binanın penthausunda yaşayır. “Qızıl top” mükafatının qalibinin qonşuları dron uçurduğuna görə ondan polisə şikayət ediblər. Onların sözlərinə görə, futbolçunun hobbisi şəxsi həyatın toxunulmazlığını pozur.
Sakinlər bildirirlər ki, dron dəfələrlə onların mənzillərinin qarşısında dayanıb. Onlar kameranın mənzillərin içində baş verənləri çəkə biləcəyindən ehtiyat edirlər. Sakinlərdən biri jurnalistlərə deyib ki, televiziya izləyərkən dronu özündən cəmi bir metr məsafədə görüb.
“Mənim həyat yoldaşım çox qorxub. Bu qədər hündür mərtəbədə yaşayanda heç olmasa müəyyən qədər şəxsi məkan gözləyirsən. Amma indi faktiki olaraq Rodrinin dronu bizi izləyir”, – deyə o şikayət edib.