AZ

7 həftəlik gözlənti: Şagirdlərdə stress yaradır?

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

İmtahan dövrü həm şagirdlər, həm də valideynlər üçün ən gərgin mərhələlərdən biri hesab olunur.

Xüsusilə nəticələrin gözlənilməsi bu gərginliyi daha da artırır və bir çox hallarda abituriyentlərin psixoloji vəziyyətinə təsir edir.

Martın 9-da keçirilmiş buraxılış imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur. Lakin nəticələrin bu qədər gec açıqlanması bir çox abituriyent və valideynlərdə narahatlıq yaradır.

İmtahandan sonra uzun müddət gözləmək məcburiyyətində qalan şagirdlər qarşıdakı blok imtahanlarına hazırlaşarkən diqqətlərini toplamaqda çətinlik çəkirlər. 

Nəticələrin necə olacağı ilə bağlı düşüncələr onların fikrini yayındırır, hazırlıq prosesində motivasiyanın azalmasına səbəb olur.

Övladının imtahan nəticələrini səbirsizliklə gözləyən valideynlər də eyni narahatlığı yaşayır və bu gərginlik bəzən istəmədən uşağa da ötürülür. 

İmtahan nəticələrinin gec açıqlanması şagirdlərin psixologiyasına necə təsir edir? Valideynlər belə vəziyyətdə övladlarına necə dəstək olmalıdırlar?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, nəticələrin gec açıqlanması şagirdlərdə psixoloji gərginlik yaradır:

“İmtahan verən şagird üçün ən çətin mərhələlərdən biri məhz nəticəni gözləmə dövrüdür. İmtahandan sonra şagird artıq əlindən gələni etdiyini düşünür, amma nəticəni bilmədiyi üçün daima özünə bir sual verir: "Görəsən necə yazdım?" Bu qeyri-müəyyənlik isə narahatlıq yaradır. 

Bəzi şagirdlər imtahandan sonra rahatlaşa bilmir, sualları təkrar-təkrar xatırlayır, səhv edib-etmədiyini düşünür. Uzun müddət nəticə gözləmək bu fikirləri daha da artırır və şagird özünü psixoloji olaraq yorğun hiss edə bilər”.

Onun sözlərinə görə, bu dövrdə abituriyentlərdə ən çox motivasiya itkisi, yuxu pozuntuları və emosional gərginlik müşahidə olunur:

“Şagirdlər özlərini kifayət qədər hazırlıqlı hiss etməyə bilər, tez-tez narahat olur və sosial münasibətlərdə həssaslaşa bilərlər. Yəni Uzun gözləmə müddəti yuxu və qidalanma rejiminin pozulmasına, fiziki və emosional gərginliyin artmasına səbəb olur, həmçinin şagirdlər ailə və dostlarla münasibətlərdə daha həssas, asanlıqla qəzəblənən və ya kədərlənən vəziyyətə düşə bilərlər”.

Psixoloq qeyd edib ki, valideynlərin dəstəyi bu müddətdə xüsusilə önəmlidir:

“Uşaqlara empatiya göstərmək, gündəlik rutinlərini qorumaqda kömək etmək, stressi azaltmaq üçün kiçik məqsədlərə fokuslanmalarını təmin etmək və nəticə gözləməkdən doğan gərginliyi azaltmaq vacibdir.

Həmçinin, valideynlər nəticə elan olunmamışdan əvvəl dərslərə müdaxilə etmədən yalnız ruhlandırıcı dəstək verməlidirlər. Bununla yanaşı, növbəti addımlar, əlavə kurslar və məşğələlər barədə birlikdə planlamaq da şagirdin stressini yüngülləşdirə bilər”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

imtahan Gülnar Ağayeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
115
1
cebheinfo.az

2Mənbələr